Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyinin sonuncu cildi çapdan çıxıb

06/06/2014
“Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyinin sonuncu cildi çapdan çıxıb. Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilmiş kitab “Xocalıya ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının 5 illiyi münasibətilə nəşr olunub.
Yazıçı-publisist, Əməkdar Jurnalist Vasif Səmədov və tanınmış alim Rövşən Vəlizadənin bu yaxınlarda çapdan çıxmış “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyinin III cildi Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində son illərdə görülmüş məqsədyönlü işlərlə bağlı müəlliflərin gərgin araşdırmaları, yorulmadan apardıqları tədqiqatlar nəticəsində ərsəyə gələn dəyərli mənbədir.
Kitabda beynəlxalq terrorun bir qolu olan erməni terrorçularının müxtəlif tarixi dövrlərdə Azərbaycan torpaqlarında, xüsusilə ötən əsrin son illərində Ermənistan və onun havadarlarının köməyi ilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törətdikləri kütləvi qırğınlardan, vəhşiliklərdən, soyqırımından bəhs edilir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində beş il ərzində beynəlxalq aləmdə həyata keçirilmiş təqdirəlayiq tədbirlərdən söhbət açılır.

Müəlliflərin araşdırmalarına xüsusi rəyin və nəşrə “Ön söz”ün müəllifi, Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Rafael Hüseynovdur.
Monoqrafiyanın baş elmi məsləhətçisi, Milli Məclisin deputatı, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru, professor Aytən Mustafayevadır. Kitabın redaktorları fəlsəfə elmləri doktoru, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, professor Rahid Ulusel və Bakı Dövlət Universitetinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının doktorantı Leyla Məmmədovadır.
“Redaktordan” rubrikasında Bakı Dövlət Universitetinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının doktorantı Leyla Məmmədova “Ədalət uğrunda mübarizənin beş ili” yazısında kitabın konsepsiyasını səciyyələndirərək göstərir ki, "Xocalıya Ədalət!" kampaniyası- Azərbaycan xalqının mübarizə ruhunu sarsıtmaq istəyənlərə, Qafqazda müstəqil və güclü bir türk dövlətinin mövcudluğunu gözügötürməyənlərə, erməni terrorçuluğuna və təcavüzünə qarşı hazırlanmış çoxspektrli informasiya mübarizəsi, yeni diplomatik cəbhə, insanlıq dəyərlərinə ehtiram bəsləyən humanist taktikadır. "Xocalıya Ədalət!" kampaniyasıQarabağ həqiqətlərini, münaqişənin həllində ölkəmizin ədalətli mövqeyini  və Xocalı soyqırımının acı gerçəklərini bütün incəlikləri ilə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından, eyni zamanda, erməni terrorçuluğu ilə, yalan və böhtan üzərində fəaliyyət göstərən erməni lobbisi ilə, erməni diasporunun şovinist, separatçı meyilli, millətçi qanadı ilə mübarizə aparmaq baxımından olduqca zəruri hərəkatdır, ən yeni tariximizdə insanlıq naminmə humanizm konsepsiyasına köklənmiş strateji modeldir, bütün bəşəriyyəti Şərə müqavimət ruhunda səfərbər etməyi bacaran güclü aksiyadır. Yazıda qeyd olunur ki, "Xocalıya Ədalət!" beynəlxalq kampaniyasının fəaliyyət istiqamətlərindən biri Qarabağ müharibəsinin ən qanlı və dəhşətli səhifələrindən biri, 1992-ci ilin fevral gecəsi baş verən qətliamın dünya ictimaiyyəti tərəfindən genosid faktı kimi elmi-siyasi, hüquqi təhlilinə yönəlmiş konfranslar, layihələr və tədbirlərin keşirilməsidir. Bu kampaniya cərçivəsində Bakı Dövlət Universitetində xarici elm adamlarının da qatıldığı elmi-nəzəri, elmi-praktik konfransların, dəyirmi masaların təşkil edib keçirilməsindən danışılır.
Bu kitab tam mənası ilə sübut edir ki, Ermənistanın və onun havadarlarının qabaqcadan planlaşdırılmış ssenarisi əsasında Azərbaycanın Qarabağ ərazisini işğal etmələri əvvəldən axıradək qanlı cinayətlərlə baş tutan proses olmuşdur. Torpağı zəbt edilən bir ölkənin insanları, ən elementar beynəlxalq hüquq-normaları tapdalana-tapdalana, ən antihumanist üsulların amansız tətbiqi ilə qırılıb-çatılmışlar. Məqsəd isə insanları öldürmək və onların yaşadıqları torpaqları ələ keçirmək olmuşdur. Bu prosesin hər iki xəttində - həm müstəqil bir dövlətin – Azərbaycanın Qarabağ ərazisinin işğal edilməsində, həm də hərbi münaqişədə iştirak etməyən silahsız dinc əhalinin soyqırımında Ermənistan və onun havadarları beynəlxalq hüququn bütün prinsiplərini pozmaqla, azərbaycanlıların nümunəsində bütün insanlığa qarşı böyük cinayət işlətmişlər. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qanlı cinayətlərə yol vermiş qatillər cəzalandırılmalı və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır.
“Xocalıya ədalət!” kampaniyasının beş illik uğurlu fəaliyyətindən bəhs edən bu kitab bütövlükdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın - nəcib, humanist, müqəddəs və həm də çətin, lakin şərəfli bir missiyanı layiqincə yerinə yetirən bir Azərbaycan xanımının bəşəriyyətə ədalət çağırışı ilə yaşayan, işləyən bir insan ömrünün salnaməsidir.
Tədqiqatda Azərbaycan, ingilis, rus dillərində, həmçinin qəzet və jurnallardan, internet resursları olmaqla 103 mənbədən istifadə edilmişdir.

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009