Jurnalistika fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) nəzdində fəaliyyət göstərən “Kitab qurdu” klubunun təşkilatçılığı ilə növbəti əsər - “OdƏrlər” tarixi-fəlsəfi romanı müzakirəyə qoyulub. Müəllim və tələbələrlə yanaşı, müəllif filologiya üzrə fəlsəfə doktoru, “Hədəf” şirkətlər qrupunun təsisçisi Şəmil Sadiq müzakirədə iştirak edib.
Tədbiri giriş sözü ilə fakültətinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu açıb. O, Ş.Sadiqin yaradıcılığından bəhs edərək, “OdƏrlər” romanı barəsində fikirlərini dilə gətirib: “Şəmil Sadiqin “OdƏrlər” romanı Qarabağ münaqişəsinə həsr olunan bədii nəsr nümunəsidir. 2015-ci ildə “Odərlər” romanına görə müəllif Azərbaycan Respublikası Mədəniyyət və Turzim Nazirliyinin “Qızıl Kəlmə” mükafatının qalibi olub.”
Daha sonra Şəmil Sadiq tələbələrlə fikirlərini bölüşüb, günümüzdə müasir ədəbi problemlər, tarixi mövzuların ekranlaşdırılması, eləcə də mediada işıqlandırlrıması, müasir ədəbiyyatda yeni yaradıcılıq keyfiyyətləri kimi məsələlərdən bəhs edib. “Romanın iki əsas süjet xətti var. Birinci süjet xətti “Ulu Şaman” adlı məxfi təşkilatın fəaliyyətini, ikinci süjet xətti xətti isə mifoloji keçmişi əhatə edir. İki əsas süjet xətlərini bir müəllif ideyası birləşdirir - xalqın tarixi yolu və inkişaf perspektivləri.”
Fakültə TEC-in rəhbəri, dosent Vəfa İsgəndərova qeyd edib ki, əsərdə tarixlə müasirliyin vəhdəti paralel şəkildə özünü biruzə verir və bu mövzuda qələmə alınmış əsərlər ədəbi müstəvidən nəzərdən keçirilərək öz real qiymətlərini ala bilmələri təqdirəlayiqdir.
Sonra Şəmil Sadiq tələbələrin roman barəsindəki çoxsaylı suallarını cavablandırıb, onlarla Azərbaycan tarixi və müasir dünya ədəbiyyatı sahəsində fikir mübadiləsi aparıb.
![]() |
![]() |
![]() |
![]() |