Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Milli-mənəvi dəyərlərin misilsiz hamisi

30/01/2020

Vətənə və xalqa sonsuz sevgidən qaynaqlanan müqəddəs missiya

Milli-mənəvi dəyərlərin misilsiz hamisi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlət və xalq qarşısında ən böyük xidmətlərindən biri də 16 illik fəaliyyəti ölkəmizdə daim qədirbilənliklə qeyd edilən Heydər Əliyev Fonduna məharətlə rəhbərlik etməsidir. 2004-cü ilin may ayında Prezident İlham Əliyevin və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu yaradıldı və ölkəmizin birinci xanımı bu yeni qurumun prezidenti oldu.

Dünya şöhrətli siyasət və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin milli dövlətçilik düşüncəsinin, azərbaycançılıq məfkurəsinin təbliğ olunması və inkişaf etdirilməsi məqsədilə yaradılan fond ötən illərdə ulu öndərin müstəqil Azərbaycanın inkişafı naminə müəyyən ­etdiyi siyasətin öyrənilməsi, təbliği və bu ideyaların həyata keçirilməsi istiqamətində misilsiz işlər görmüşdür. Son illərdə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən möhtəşəm mədəniyyət layihələri Heydər Əliyev Fondunu milli sənət və mədəniyyətin mötəbər himayədarına çevirmişdir.
Müasir dövrümüzdə Azərbaycanın dövlətçilik tarixinin, mədəniyyətinin, adət-ənənələrinin təbliğ olunması, yaşaması istiqamətində görülən tədbirlər dövlətçiliyimizin sağlam təməl üzərində qurulduğunu bir daha təsdiqləyir. Ümummilli lider Heydər Əliyevin ideya və əməllərinin ən layiqli və sadiq davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılmış uğurlu xarici siyasət nəticəsində dünyanın bir çox dövlətləri ilə qurulmuş diplomatik əlaqələr, ölkəmizdə keçirilən möhtəşəm beynəlxalq tədbirlər Azərbaycanı xarici aləmdə iri miqyasda diqqət mərkəzinə çıxarmışdır. 
Artıq Azərbaycan milli-mənəvi dəyərləri ilə beynəlxalq aləmdə sivil bir ölkə kimi tanınır, müstəqil dövlətimizin dünyaya hərtərəfli inteqrasiyası gündən-günə sürətlənir. Bu prosesdə Azərbaycanın mənəvi dəyərlərinin qorunması və təbliği önəmli bir fəaliyyət olaraq aktuallığını artırır. Ümummilli liderin zəngin dövlətçilik ənənələrinin davamçısı olan Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə məhz bu prosesin ağırlığını öz üzərinə götürərək, xalqımızın yüksək mədəni dəyərlərinin, dövlətimizin humanizm prinsiplərinin beynəlxalq aləmə təqdimində fəal və önəmli rol oynayır. Bu istiqamətdə Azərbaycan--UNESKO münasibətlərinin inkişafında və onun genişlənməsində Azərbaycanın Birinci vitse-­prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir.
Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək, aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti Azərbaycan tərəfdən irəli sürülmüşdür. Ötən müddətdə atılan əməli addımlar, irəli sürülən ideya və təşəbbüslər də bunu deməyə əsas verir. Bu baxımdan ölkə rəhbərliyi, hökumət qurumları ilə yanaşı, qeyri-dövlət xətti ilə görülən işləri, ilk növbədə, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüslərini xüsusi qeyd etmək lazımdır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə mədəniyyət, təhsil və idman sahəsində dövlət siyasətinin dəstəklənməsində və uğurla gerçəkləşdirilməsində geniş fəaliyyət göstərir. ­Mehriban ­xanımın Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi 25 illik, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri kimi 16 illik, İSESKO-nun xoşməramlı səfiri kimi 14 illik və Azərbaycanın Birinci vitse-prezidenti kimi 3 illik fəaliyyətində xeyriyyəçilik, uşaqlara və yaşlılara qayğı, insanların qarşılaşdıqları problemlərin aradan qaldırılması, çoxsaylı yeni məktəb, xəstəxana binalarının, uşaq bağçalarının inşa olunması, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müasir müəssisələrin təşkili aparıcı yer tutmuşdur.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1995-ci ildə yaradılan Azərbaycan Mədəniyyətinin Dostları Fondunun əsas məqsədi milli incəsənətimizin inkişafı, təbliği, xarici ölkələrdə daha geniş tanıdılması, Azərbaycan xalqının dünya mədəniyyətinə inteqrasiyası və yeni beynəlxalq əlaqələrin formalaşması məsələlərinin həyata keçirilməsindən ibarət olmuşdur. Fondun fəaliyyəti əsas 3 istiqaməti əhatə etmişdir: mədəni tədbirlər, xeyriyyə aksiyaları və naşirlik. Fond fəaliyyətinin ilk günlərindən festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlər təşkil etməklə, ölkəmizin mədəni irsinin təbliğinin, milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərmişdir. 
Azərbaycanın xalq və klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Mərkəzi yaradılmışdır. Azərbaycan muğamını dünya miqyasında təbliğ etmək və eyni zamanda, yaymaq, həmçinin bu ulu sənəti yaşadan musiqiçi və müğənnilərə qayğı göstərmək fondun həyata keçirdiyi mühüm işlər sırasında olmuşdur. 
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun 16 illik fəaliyyətində prioritetlərdən biri də xeyriyyəçilik və uşaqların sağlamlığının qorunması olmuşdur. Fond ümummilli lider Heydər Əliyevin xalqın gələcəyi olan uşaqlara qayğısını ulu öndərin bu sahədə siyasətinə sədaqətlə davam etdirmişdir. Mehriban xanım Əliyeva “Dövlətimizin gələcəyi dövlətin sağlam övladlarına bağlıdır!” şüarı ilə cəmiyyətdə bir sıra gərəkli layihələr gerçəkləşdirib. Heydər Əliyev Fondunun ilk layihəsinin məhz uşaqların sağlamlığı ilə bağlı olması dövlətin gələcəkdə sağlam əllərdə olmasına indidən təminat yaratmağa yönəldilmişdir. Mehriban xanımın bu sahədə gördüyü işlər davamlı və genişmiqyaslıdır. 
Uşaqların sağlamlığı üçün həyata keçirilən belə layihələrdən birincisi 2004-cü ilin dekabr ayında gerçəkləşdirilmişdir. “Diabetli uşaqlara ən yüksək qayğı” adlı həmin layihənin əsas məqsədi ictimaiyyətin, milli və xarici şirkətlərin diqqətini uşaqların sağlamlığının qorunmasına, diabetli uşaqların problemlərinin həllində Beynəlxalq Diabet Federasiyasının iştirakını fəallaşdırmağa yönəltmək idi. ­Fondun fəaliyyətində bu istiqamətdə indiyədək kifayət qədər işlər görülmüşdür. Ötən illərdə onlarca uşaq evi, internat məktəbi, ayrıca talassemiya mərkəzi, orta məktəb, uşaq bağçası tikilmiş və əsaslı şəkildə təmir olunaraq istifadəyə verilmişdir. 
Heydər Əliyev ­Fondu mədəniyyətlər arasında əməkdaşlıq və dialoq platformasının qurulmasında fəal iştirakı ilə dünya mədəniyyətində, eləcə də qlobal bəşəri dəyərlər sistemində, sülh və tolerantlıq prosesində də silinməz izlər qoymuşdur. Fondun təşəbbüsü ilə Luvr Muzeyində İslam incəsənəti bölməsi yaradılmış, Versal Sarayının parkında, Luvr Muzey Kompleksində, Berlin şəhər sarayında və digər Avropa şəhərlərində qədim tarixi binalar bərpa edilmişdir. Fond Vatikanda qədim əlyazmaların, eyni zamanda, Zevsin heykəlinin bərpası, o cümlədən “Sistina” zalında yenidənqurma işlərinin aparılması, Roma katakombalarının bərpası, eləcə də Romada Kapitoli Muzeyinin “Filosoflar zalı”nın təmiri layihələrini də uğurla həyata keçirib. Qeyd etdiyimiz bu tədbirlər Azərbaycan xalqının bəşəri mədəni dəyərlərinə marağını, Azərbaycan dövlətinin sülhməramlı siyasətini, Heydər Əliyev Fondunun xoş məramını, bəşəri niyyətə yönəlik fəaliyyətini bütün dünyaya nümayiş etdirmişdir.
Tolerantlıq və sülh dəyərlərinin Heydər Əliyev Fondunun həm daxili, həm də xarici fəaliyyətində başlıca hədəflərdən olduğunu bildirən ərəb jurnalisti Ş.Əl-Bəsil Azərbaycanda dini tolerantlığın mövcudluğunu, müxtəlif din mənsublarının sülh içində birgə yaşadıqlarını, ­Mehriban Əliyevanın qlobal səviyyədə dinlərarası dialoqu təşviq edən tədbirlər təşkil etdiyini vurğulamışdır. “Azərbaycan–tolerantlıq diyarı” şüarı altında fond bir çox məscid və kilsənin inşasına və təmirinə dəstək göstərmişdir. Mehriban xanım Əliyeva bir çox xarici şəhərlərdə Azərbaycanın tolerant bir ölkə olduğunu göstərən tədbirlər təşkil etmişdir. 
2013-cü ildə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən “Azərbaycan-tolerantlıq məkanı” adlı foto-sərgisi bu baxımdan təsirli əks-səda doğurmuşdur. Belə tədbirlər xarici aləmə nümayiş etdirmişdir ki, Azərbaycan dünyanın ən tolerant ölkəsi kimi heç bir dini konfessiyaya fərq qoymadan yalnız bəşəri mədəniyyətə, sivil dəyərlərə qiymət verir. 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiya, Pakistan və digər ölkələrdə müxtəlif xeyriyyə aksiyaları da təşkil edilmişdir. Pakistanda peyvənd aksiyaları, açıq ürək əməliyyatları keçirilmiş, göz xəstəxanasına və talassemiya mərkəzinə ianələr təqdim edilmiş, qan donorluğu təşkil olunmuşdur. Fond Rumıniyada, Haitidə, Pakistanda və dünyanın digər yerlərində baş vermiş təbii fəlakətlərdən əziyyət çəkən insanlara da yardım göstərmişdir. Bir çox şəhərlərdə Azərbaycan mədəniyyəti günləri çərçivəsində tədbirlər həyata keçirilmişdir.
2016-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı olmuşdur. Mərasimdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva özü də iştirak etmişdir. Həmin ildə Bolqarıstanın Veliko Tırnovo şəhərində fondun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun da fondun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə açılışı olmuşdur. 2018-ci ildə Heydər Əliyev Fondu tərəfindən Vatikanda yenidən bərpa edilən Müqəddəs Sebastian katakombaları istifadəyə verilmişdir. Belə xoşməramlı faktlar, tədbirlər birbaşa Azərbaycanın, xalqımızın milli dəyərlərinin ifadəsinə çevrilir. 
Şərqin və Qərbin qovşağında yerləşən Azərbaycanın qloballaşma çağında milli-mənəvi dəyərlərini qoruyub saxlamasına xidmət missiyası fondun əsas məqsədləri sırasındadır. Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatının müxtəlif strukturları arasında münasibətlərin inkişaf etdirilməsində də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti ­Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək dəyərləndirilir. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 4-də İSESKO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Həmin fəaliyyətin nəticəsidir ki, 2006-cı il noyabrın 26-da İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplomu Mehriban xanım Əliyevaya təqdim etmişdir. 
Azərbaycan muğamının, aşıq sənətinin, milli xalçaçılıq sənətimizin, bir sıra tarixi abidələrimizin UNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs xəzinəsinə daxil edilməsi, ədəbiyyat, mədəniyyət korifeylərimizin dünyada tanıdılması, onların yubileylərinin bu nüfuzlu qurum miqyasında qeyd olunması hamımızda məmnunluq doğurur. Bu tədbirlərin həyata keçirilməsi bir tərəfdən bəşəri dəyərlərə xidmət missiyasını yerinə yetirirsə, digər tərəfdən də milli ziyalılarımızın yaradıcılığına stimul verən bir fakta çevrilir.
2005-ci ilin oktyabrında UNESKO-nun 60 illiyinə həsr edilmiş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində Parisdə “Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovşağında” mövzusunda keçirilmiş tədbirdə çıxış edən Mehriban xanım Əliyeva Azərbaycanın qlobal mədəni dialoqa öz töhfəsini verməyə hazır olduğunu vurğulamışdır. Sonrakı illərdə bu yöndə əməli addımların atılması, konkret təşəbbüslərin irəli sürülməsi və ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bu məramın gerçəkliyini bir daha təsdiqləmişdir. Bütün bu işlərin, geniş bəşəri fəaliyyətin nəticəsində 2010-cu il iyulun 30-da UNESKO-nun baş direktoru İrina Bokova Mehriban xanım Əliyevaya “Qızıl Motsart” medalını təqdim etmişdir.
2013-cü il sentyabrın 17-də Parisdə, UNESKO-nun mənzil-qərargahında TÜRKSOY-un, Azərbaycanın, Qazaxıstanın və Türkiyənin bu beynəlxalq qurum yanında daimi nümayəndəliklərinin təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illiyinə həsr edilmiş təntənəli tədbirlər keçirilmişdir. Bu mərasimlərdə Şərqdə ilk musiqili operettanın müəllifi olan Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin beynəlxalq səviyyədə tanındığı, bir çox dillərə tərcümə olunduğu və dünyanın bir çox ölkələrində müvəffəqiyyətlə nümayiş etdirildiyi haqqında fikirlər səslənmişdir. Tədbirlərdə operettanın dünya incəsənətinin nadir incilərindən olduğu diqqətə çatdırılmış, əsər zəngin və qədim tarixə malik Azərbaycan mədəniyyətinin parlaq nümunəsi kimi səciyyələndirilmiş, onun 100 illiyinin UNESKO tərəfindən qeyd olunması ölkəmiz üçün əlamətdar hadisə kimi dəyərləndirilmişdir.
Azərbaycanın UNESKO-ya üzv qəbul olunmasının 20 illiyi münasibətilə 2013-cü il iyulun 18-də Parisdə qurumun baş qərargahında keçirilmiş mərasimdə Mehriban xanım Əliyeva öz çıxışında qeyd etmişdir ki, ölkəmiz UNESKO-nun müxtəlif sahələrdə məqsədlərinin təşviqinə sadiqdir: “Son 20 ildə biz ölkəmizdə təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə xüsusi diqqət yetirmişik. Biz dərindən inanırıq ki, yalnız yüksək səviyyəli təhsilə malik olan ölkə uğurlar əldə edə və xalqı üçün daha yaxşı həyat keyfiyyətini təmin edə bilər. Biz, eyni zamanda, elmin və müasir texnologiyaların inkişafına çoxlu sərmayə yatırırıq. Bu ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azərspeys-1”in kosmik fəzaya buraxılması bunun bariz nümunəsidir”.
Mədəni irsin qorunmasının Azərbaycan hökuməti üçün pri­oritet istiqamət olduğunu bildirən Mehriban xanım Əliyeva muğam, aşıq musiqisi, tar ifaçılığı, Novruz bayramının UNESKO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edildiyini xatırlatmış, Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğunun da UNESKO-nun Dünya İrs Siyahısına salındığını diqqətə çatdırmışdır. Azərbaycanın həm də UNESKO ilə mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlıq etdiyini bildirən birinci xanım qeyd etmişdir ki, bu gün beynəlxalq ictimaiyyət ölkəmizi yüksək dini və etnik dözümlülük sahibi, dialoqun mərkəzi kimi tanıyır. Əsrlər boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda sülh, harmoniya şəraitində yaşamışlar. UNESKO ilə Azərbaycan arasında bağlanmış çərçivə sazişinin də mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən Mehriban xanım Əliyeva ölkəmizin bu qurumla əməkdaşlığını davam etdirəcəyinə və mövcud olan böyük potensialı reallaşdırmaq üçün gələcəkdə əlaqələrimizin daha da güclənəcəyinə əmin olduğunu bildirmişdir.
Bu gün Azərbaycan sivilizasiyalar və mədəniyyətlər arasında dialoqa ardıcıl olaraq töhfəsini verir, öz mədəni irsi, dəyərləri ilə əhatəmizdə olan dünyagörüşlərini, mədəniyyətləri zənginləşdirir, eyni zamanda, onların ən mütərəqqi baxışlarını əxz edir. Azərbaycan öz mədəni irsi ilə Şərqə nə qədər bağlıdırsa, intellektual potensialı, elmi-mədəni yenilik və texnologiyaları geniş tətbiq etməsi ilə bir o qədər Qərb dünyasına yaxındır. Hazırda Azərbaycan dünyada zəngin milli-mədəni dəyərləri ilə yanaşı, həm də mədəniyyətlərarası ünsiyyət, anlaşma məkanı kimi tanınır.
Ölkəmiz qloballaşma prosesində beynəlxalq birliyə birtərəfli inteqrasiya yolunu seçməmişdir. Bu yol ikitərəflidir, çünki dünyaya öz mədəni zənginliyimizi təqdim və təbliğ etməyi bacarır, dünyanı bizdən nələrisə öyrənməyə təşviq edə bilirik. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərti ilə dünya birliyinə inteqrasiyadır. 
Bütün yuxarıda göstərilənlərə – Azərbaycanın çoxtərəfli beynəlxalq mədəni əlaqələrinin inkişafına nəzər saldıqda aydın olur ki, müasir geosiyasi şəraitdə nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən UNESKO tərəfindən dəstəklənən möhtəşəm tədbirlər respublikamızın beynəlxalq aləmdəki nüfuzunu daha da möhkəmləndirmiş, ölkəmizin tolerantlıq və dialoq məkanı kimi indiyədək oynadığı tarixi missiyaya təkan vermiş və nəticə olaraq mədəniyyətlərarası dialoq üzrə qlobal platformanın əsası qoyulmuşdur. Bununla yanaşı, 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının və sonrakı ildə İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi məhz Birinci vitse-prezident Mehriban Əliyevanın mükəmməl təşkilatçılığı ilə baş tutmuşdur.
Mehriban xanım Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsi üzrə Təşkilat Komitəsinin rəhbəri olaraq, bu mötəbər musiqi yarışmasının uğurla keçirilməsini təmin etmişdir. Ötən il UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Ümumdünya İrs Siyahısına daxil olundu.
Bütün bu istiqamətlərdəki fəaliyyəti ilə yanaşı, Mehriban xanım Əliyeva 2005--2017-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Deputat olduğu müddətdə 
Mehriban xanım seçicilərinin müxtəlif problemlərinin həllində, onlara fərdi qayğı və diqqətin həyata keçirilməsində mühüm işlər görmüşdür. 
2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilmişdir. Ölkənin ikinci ali rəhbəri kimi Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas qayəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin daha da gücləndirilməsi, xüsusilə bu siyasətin sosial və humanitar istiqamətlərinin daha da inkişaf etdirilməsidir. Azərbaycan xalqı göstərilən hərtərəfli sosial qayğıdan qədərincə bəhrələnir. 
Mehriban Əliyeva bir dövlət xadimi kimi bu gün xalqına, ölkəsinə misilsiz xidmətlərini uğurla davam etdirir. Onun regionlara ardıcıl səfərləri, əhali ilə səmimi görüşləri cəmiyyətdə yüksək dəyərləndirilir və böyük məmnunluq doğurur. Mehriban xanımın rəhbərliyi ilə milli-mənəvi dəyərlərin, insanların fiziki və mənəvi sağlamlığının qorunması, elm və təhsilin səviyyəsinin yüksəldilməsi, səhiyyənin inkişafı, əhalinin sosial təminatının gücləndirilməsi, şəhid ailələrinə və Vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərilən diqqət və qayğı, Azərbaycan həqiqətlərinin bütün dünyada təbliğ olunması istiqamətində həyata keçirilən ardıcıl və irimiqyaslı layihələr onu təkcə ölkəmizdə deyil, həm də dünyada humanist ictimai və dövlət xadimi kimi məşhurlaşdırmışdır.
Mehriban xanım Əliyeva təkcə bir dövlət xadimi kimi, Heydər Əliyev Fondunun prezidenti kimi deyil, həm də bir ana kimi, milli dəyərlərimizə sadiq bir Azərbaycan qadını kimi xalq arasında hədsiz nüfuz qazanmışdır. Onun Heydər Məscidində şəhid ailələri ilə görüşündəki kövrək nitqini, göz yaşı ilə duyğulandığını indi heç kəs unuda bilmir. 
Mehriban xanım Əliyevanın dünya miqyasında qazandığı nüfuz və məhəbbət, eyni zamanda, Azərbaycana, ölkəmizin, xalqımızın milli dəyərlərinə göstərilən hörmət və sevgidir. Bu gün Azərbaycan xalqını Ulu Tanrı böyük xoşbəxtliyə qovuşdurub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarından birində bununla bağlı qürurla belə bir fikir səsləndirdi: “Azərbaycan tarix boyu heç vaxt bugünkü qədər yüksək inkişafda olmayıb”. 
Bu dəqiq və inkaredilməz qiymətdə ifadəsini tapan tarixi tərəqqi Heydər Əliyev siyasi dövlətçilik məktəbindən, Prezident İlham Əliyevin dövlət quruculuğunda gerçəkləşdirdiyi müdriklik və məharətdən, bir də haqqında bəhs etdiyimiz Mehriban xanım Əliyevanın öz xalqına və ölkəsinə sonsuz sevgisindən yoğrulmuş müqəddəs missiyasından qaynaqlanır.

 

Milli-mənəvi dəyərlərin misilsiz hamisi.

 

Aytəkin Zeynalova, 
BDU-nun beynəlxalq jurnalistika kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009