Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi tələbələrin nəzəri və praktik biliklərinin, peşəkarlıq bacarıqlarının artırılması məqsədilə son illər yeni üsul və metodlara müraciət etməyə başlamışdır. Fakültə rəhbərliyi xeyli müddətdir ki, AMEA-nın müxbir üzvü, beynəlxalq elmi ictimaiyyətin birmənalı olaraq əsərlərini qəbul etdiyi Rafiq Əliyevi, AMEA-nın müxbir üzvü, Azərbaycanda informasiya texnologiyaları üzrə əvəzsiz mütəxəssis Rasim Əliquliyevi və digər görkəmli alimləri tədris prosesinə cəlb etmişdir. Tələbələr beynəlxalq aləmdə tanınmış bu alimlərin dərslərində informasiya texnologiyalarının ən müasir səviyyəsini öyrənir, onun jurnalistikada tətbiqi ilə bağlı praktik vərdişlərə yiyələnirlər.
Fakültə rəhbərliüyi indi ölkədə öz peşəkarlığı, dəqiq, qərəzsiz, vicdanlı informasiya prinsiplərini yaradıcılığında tətbiq edən jurnalistləri intensiv şəkildə müxtəlif kurslarda bir neçə saatlıq mühazirəyə, praktik məşğələlərə dəvət edir. Bu sırada Azərbaycanda müstəqil, qərəzsiz qəzet jurnalistikasının ustad nümayəndələrindən biri – «525-ci qəzet»in baş redaktoru, yazıçı-jurnalist Rəşad Məcidin fakültəyə misilsiz köməyini xüsusi qeyd etmək yerinə düşər. Rəşad Məcid jurnalistika fakültəsinin tələbələrinə həm müntəzəm dərs deyir, həm də baş redaktoru olduğu qəzetdə onların yaradıcılığını əks etdirən səhifələr verir. Fakültənin tələbələri «525-ci qəzet»i özlərinin yaradıcılıq laboratoriyası kimi qiymətləndirirlər.
«Kaspi» qəzetinin baş redaktor müavini Kənan Quluzadə ölkədə qərəzsiz, dəqiq, vicdanlı jurnalistika ustadlarından biridir. İndi K.Quluzadə fakültədə bir neçə maraqlı predmeti tələbələrə tədris etməkdədir.
Qeyd edək ki, ictimai rəydə mükəmməl peşəkar jurnalistlər kimi tanınan belə adamlar fakültədə dərsləri təmənnasız, yalnız vətəndaşlıq prinsiplərindən aparırlar. Azərbaycan telejurnalistikasında və bütövlükdə publisistikada yüksək yaradıcılıq, sənətkarlıq keyfiyyəti ilə seçilən Mirşahin ötən həftə fakültənin I kurs tələbələrinə ustad dərsi keçdi. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli bu dəfə «Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi» fənnindən özünün növbəti dərsinə Mirşahini dəvət etdi. Fakültənin dekanı, professor Yalçın Əlizadənin dəstəklədiyi bu ideyanın gerçək səhnəsini tələbələr böyük səbirsizliklə gözləyirdilər. Tələbənin sayca ən çox olduğu fakültənin birinci kursudur. Onsuz da böyük olan bu aiditoriyada indi yüzə yaxın tələbə toplaşıb. Dərsləri ikinci növbədə olan qiyabiçi tələbələr də Mirşahinin dərsinə gəliblər. Hamı sakit və təmkinlə Mirşahini gözləyir. Mirşahin dekanın müşaiyəti ilə auditoriyaya daxil olur. Qısa bir təqdimatdan sonra kürsüyə çıxır. C.Məmmədlinin seminarını aparan müəllimlər də auditoriyada oturublar. Mirşahin predmetin bu günkü mövzusuna uyğun olaraq informasiyanın dəyərləndirilməsi, prioritet xəbərin seçilməsi prinsiplərini izah edir, özünün və beynəlxalq təcrübənin faktlarından çıxış edərək, tərəfsiz, dəqiq, vicdanlı xəbərin hazırlanması və təqdim olunması texnologiyasını faktlarla açıb göstərir.
Tələbələrin birbaşa və cəld qeydlərindən sualların çox olacağını hiss edir və dərsin yarım saatını suallara ayırır. Bu suallarda tələbələrin jurnalistika sahəsində çox müxtəlif aspektləri əhatə edən problemləri bilmək həvəsi dayanır. Bu suallarda informasiyanı, fakı necə dəqiqləşdirmək məsələsi Azərbaycan prezidenti H.Əliyevdən tutmuş Çingiz Aytmatov, M.Rastrapoviçə qədər dünyanın ən ciddi adamları ilə Mirşahinin tarixi müsahibələrinin xarakteri özünə yer alır. Mirşahinin ustad dərsi onun təzə «Milli Metr» telelayihəsindən də yan keçmir. Bu layihəyə aid də sualları cavablandırır. Zəng vurulur, lakin onlarca tələbənin əli göydədir və onların sualları bitmək bilmir. Amma neyləmək olar, vaxt da öz diqtəsini edir. Mirşahin də işi-gücü başından aşan bir jurnalistdir. O, tələbələrlə yenə görüşəcəyinə ümid etdiyini bildirir və auditoriyanı tərk edir. Sualların bir qismi dəhlizdə də ona ünvanlanır. Beləcə, Mirşahinin 80 (yoxsa 110?) dəqiqəlik ustad dərslərindən tələbələrin qəlbində xoş təəssüratlar qalır.
Könül Niftəliyeva
BDU, jurnalistikanın nəzəriyyəsi və
təcrübəsi kafedrasının müəllimi