Modern.az xeyli vaxtdır yeni layihəyə start verib. Layihə Milli Məclisin deputatları ilə tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Bu layihə çərçivəsində deputat istədiyi mövzu ilə bağlı tələbələrin fikirlərini öyrənir. Həmin mövzu ilə bağlı müxtəlif janrlarda məqalə yazan tələbələrin yazıları Modern.az saytında yerləşdirilir. Sonra Modern.az saytı həmin yazıları deputata təqdim edir. Deputat isə öz növbəsində həmin yazılar içərisində ən yaxşı hesab etdiyini seçir. Ardınca ən yaxşı yazı müəllifi olan tələbənin təhsil aldığı universitetdə deputatla tələbələrin görüşü keçirilir. Görüşdə deputat qalib tələbəyə mükafat verir. Eyni zamanda 3 yaxşı yazıya həvəsləndirici mükafat verilir. Deputatla görüşdə isə tələbələrə deputatla diskussiya aparmaq, suallar vermək üçün şəraiti yaradılır. Artıq 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov Bakı Dövlət Universitetində qalibi mükafatlandirib və tələbələrlə görüşüb. 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva da tələbələrin intellektual gücünü yoxlayıb. 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Elmira Axundovaya isə yazılar təqdim olunub. Bu dəfə isə tələbələrin intellektual gücünü 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva yoxlayacaq. Millət vəkili üçün gənclərin dövlət rəmzlərimizə olan münasibətini öyrənmək maraqlıdır. Deputat bildirib ki, “Dövlət rəmizləri və gənclik” mövzusunda tələbələrin yazılarına çox diqqətlə baxacaq: “Mən tələbələri bu məsələdə fəal olmağa çağırıram. Müşahidələr göstərir ki, gənc nəsl dövlət atributlarımıza daha sayğılı yanaşır. Himnimizi bilməyən gənc yoxdur. Müstəqil Azərbaycanın gəncləri ilə qürur duyuruq”. Qeyd edək ki, hər bir mövzuyla bağlı 15 gün vaxt verilir. Müsabiqədə iştirak etmək istəyən tələbələr mövzu elan olunduqdan sonra 15 gün müddətində yazılarını [email protected] elektron poçtuna, 4908847 faks nömrəsinə, yaxud poçt vasitəsilə Bakı şəhəri, Şahin Mustafayev küçəsi 27/121 ünvana göndərməlidirlər.