Milli mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublunun “M.Ə.Rəsulzadənin mühacirət mətbuatında İranla bağlı yazıları” mövzusunda elmi seminarı keçirilib.
Giriş sözü ilə çıxış edən elmi işlər ürə dekan müavini Sevinc Əliyeva seminarın mövzusu və məqsədi ilə bağlı məlumat verib.
Sonra çıxış edən məruzəçi prof. Nəsiman Yaqublu M.Ə.Rəsulzadənin “Yeni Qafqaziyyə”, “Odlu yurd” və “Azərbaycan” jurnallarındakı yazıları haqqında geniş məlumat verib. İranda yaşayan Azərbaycan türklərinin tarixi, mədəniyyəti, ədəbiyyat və folkloru, görkəmli şəxsiyyətləri ilə bağlı əsas məqamları qeyd edib. M.Ə.Rəsulzadənin bu yazılarda Azərbaycan adına qarşı olan bəzi tədqiqatçılara da öz kəskin və tənqidi münasibətinin olduğunu bildirib. Eyni zamanda Rəsulzadənin böyük ustad şair Şəhriyarın “Heydərbabaya salam” əsəri haqqında Ankarada nəşr edilən “Azərbaycan” jurnalında maraqlı yazılarla çıxış etdiyini vurğulayıb.
N.Yaqublu M.Ə.Rəsulzadənin mühacirət mətbuatında 10-a yaxın yazısının çap edildiyini, bunların da aktual olaraq oxuculara təqdim olunmasının böyük əhəmiyyət daşıdığını seminar iştirakçılarının diqqətinə çatdırıb.
Elmi seminarda Milli mətbuat tarixi kafedrasının müdiri prof. Cahangir Məmmədli, dos. Aygün Əzimova, müəllimlərdən Samir Mirzəyev, Elmira Həsənova, bakalavr və magistr tələbələri iştirak ediblər.
Seminar maraqlı müzakirələrlə yekunlaşıb.