Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Müstəqillik dövründə Jurnalistika fakültəsinin ilk xanım elmlər doktoru

28/12/2021

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Bakı Dövlət Universiteti Jurnalistika fakultəsinin Multimedia və elektron kommunikasiya kafedrasının dosenti, Milli mətbuat tarixi kafedrasının doktorantı Sevil Həsənovanın filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Hüseyn Cavidin ədəbi-bədii irsi Azərbaycanın dövri mətbuatında” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib.

Müdafiə Şurasının sədri, filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü Muxtar İmanov iddiaçının Müdafiə Şurasına təqdim etdiyi dissertasiya işi haqqında məlumat verib. İddiaçının həyat və yaradıcılığı haqqında Müdafiə Şurasının elmi katibi Afaq Ramazanova danışıb.

Sonra iddiaçı Sevil Həsənova “Hüseyn Cavidin ədəbi-bədii irsi Azərbaycanın dövri mətbuatında” mövzusunda dissertasiya işini yazmaqda məqsədini, araşdırmalarının metodoloji əsaslarını, təhlil və tədqiqatları ilə gəldiyi elmi nəticələri diqqətə çatdırıb.

Opponentlər – filologiya üzrə elmlər doktoru, AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli, filologiya üzrə elmlər doktoru, professor Cahangir Məmmədli, filologiya üzrə elmlər doktoru Rövşən Məmmədov, Türkiyənin Muş Alparslan Universitetinin Jurnalistika (İletişim) fakultəsinin dekanı, professor Tamella Əliyeva dissertasiya işinə rəsmi rəylərini bildiriblər.
İddiaçı Sevil Həsənova iradlara münasibət bildirib və Müdafiə Şurası üzvlərinin suallarını cavablandırıb.

Filologiya üzrə elmlər doktoru, professor Allahverdi Məmmədli, filologiya üzrə elmlər doktoru Abid Tahirli dissertasiya işi barədə fikirlərini bölüşüblər. BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, professoru Qulu Məhərrəmli, dosenti Zaur Babayev Müdafiə Şurasının iclasında iştirak ediblər.

AMEA Folklor İnstitutu Müdafiə Şurasının yekdil qərarı ilə Sevil Həsənova filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almağa layiq görülüb.

Qeyd edək ki, Sevil Həsənova müstəqilliyimizin bərpasından sonrakı dövrdə BDU Jurnalistika fakültəsində elmlər doktoru dissertasiya işini uğurla müdafiə etmiş ilk xanımdır.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009