Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nemət Veysəllinin Jurnalistika fakültəsinin tələbələri ilə görüşü təşkil edilib. Tədbiri giriş sözü açan Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edib, Nemət Veysəllinin müəllifi olduğu “Mənim müharibəm” kitabı barədə qısa məlumat verib.
Daha sonra Nemət Veysəlli tələbələrlə fikirlərini bölüşüb, günümüzdə media dünyası, tarixi mövzuların KİV-də işıqlandırlıması, müasir jurnalistikanın yeni yaradıcılıq keyfiyyətləri kimi məslələrdən bəhs edib. Sual-cavab formatında davam edən görüşdə qonaq tələbələrin müasir Azərbaycan tarixi və jurnalistikası ilə bağlı müxtəlif suallarını cavablandırıb.
Tədbirdə iştirak edən professorlar Cahangir Məmmədli, Alxan Məmmədov, Cəmşid Naxçıvanski adına hərbi liseyin əməkdaşları Zemfira İsmayılova, Vahid Məhərrəmov çıxışlarında kitabın əhəmiyyətindən danışıb, müəllifə gələcək yaradıcılığında uğurlar arzulayıblar.
Tədbirin sonunda Nemət Veysəlli müəllifi olduğu kitabını tələbələrə hədiyyə edib.
Qeyd edək ki, “Mənim müharibəm” Nemət Veysəllinin Qarabağ müharibəsindən bəhs edən sayca üçüncü kitabıdır. 1988-1994-cü illərdə Qarabağda gedən hadisələrin, döyüşlərin fəal iştirakçısı olan müəllif kitabda Qarabağ hadisələri, onu doğuran səbəblər, qələbə və məğlubiyyətlərimiz kimi məsələlərə toxunub.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |