Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Nəsir İmanquliyevin 100 illiyinə həsr olunmuş elmi- praktik konfransın açılışı oldu.

21/12/2011

 

Bu gün Bakı Dövlət Universitetində Azərbaycanın tanınmış ictimai-siyasi xadimi və publisisti, əməkdar jurnalist, professor Nəsir İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan jurnalistikası qloballaşma dövründə: qaynaqlar və perspektivə baxış” adlırespublika elmi-praktik konfransının plenar iclası öz işinə başlayıb. İclası giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov öncə “Nəsir İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2011-ci il tarixli sərəncamından danışıb. İşini 4 bölmədə (Jurnalistika müasir problemləri, Mətbuat tarixi: yeni araşdırmalar, Televiziya və radio jurnalistikası, Beynəlxalq jurnalistika) davam etdirəcək konfransın əhəmiyyətindən,  konfrans materialları ilə bağlı buraxılan kitabdan danışıb və həmin kitaba 59 məqalənin daxil edildiyini bildirib.  Rektor bildirib ki, Azərbaycanın ictimai-mədəni mühitində çox böyük yaradıcılıq izi qoyub getmiş professor Nəsir İmanquliyevin həyat yolu haqqında düşünəndə bu nadir şəxsiyyətin öz xalqına, millətinə göstərdiyi iki mühüm xidməti yada düşür. Bunlardan birincisi, onun klassik ənənələrimizə söykənən maarifçilik fəaliyyəti – çoxşaxəli Azərbaycan jurnalistikasında yaratdığı yeni məktəb, digəri isə bu məktəbin davamçılarını yetişdirməsidir. Rektor bildirib ki, Nəsir müəllim harada çalışmasından asılı olmayaraq, bütün anlarda milli dəyərlərimizin inkişafına, elmə, maarifə xidmət etmiş, mətbuata da özünün milli vətənpərvərlik hisslərindən, ədəbi-mədəni dəyərlərə olan sevgisindən gəlmişdi. Tale onu "Gənc işçi", "Kommunist", "Yeni yol" kimi qəzetlərin redak­siyalarında püxtələşdirmişdi. Bu qəzetlərdə məsul vəzifələr tutan Nəsir müəllim publisistik və ədəbi yazıları ilə yeni dövr jurnalistikasına Həsən bəy Zərdabi ənənələrini gətir­mişdi. Akademik bildirib ki, Nəsir müəllimin universitet ömrünün böyük bir kəsimini müşahidə etmək mənə də qismət olub: «Mən də tez-tez onunla ya universitetin dəhlizlərində, audi­tori­yalarda, ya da həyətdə rastlaşırdım. Vəzifəmin mənə verdiyi ən böyük şans bütün fakültələrdə çalışan müəllimlərlə ünsiyyətdə olmağım idi. Nəsir müəllim cüssəli boy-buxunundan tutmuş nəzakətli, son dərəcə etik davranışına qədər bütün məqamlarında bizim tarixdən və bədii əsərlərdən tanıdığımız klassik müəllimin tipik obrazı idi». Rektor deyib ki, tale Nəsir müəllimə heç də hamar bir ömür yolu qismət etməyib. O özünü təsdiq edənə qədər, ictimai və dövlət işlərindəki istedadı ilə zamanın sərt qaydalarından keçib tam formalaşana qədər çətin bir yol keçib. Amma bu yollarda elə bərkiyib ki, heç vaxt əqidəsindən, özü olmaqdan dönməyib. Mətbuat dünyasına gəlişi ilə jurnalistika sahəsində öz məktəbini yaradan Nəsir müəllimin ən böyük əsərləri onun yetirmələri, yaradıcısı olduğu "Bakı" və "Baku" qəzetləridir.

Sonra məruzələr dinlənilib. «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun «Azərbaycan jurnalistikasının peşəkarlıq problemi”, Jurnalistika fakültəsinin kafedra müdirləri Cahangir Məmmədlinin «Jurnalist yaradıcılığının bəzi xarakterik xüsusiyyətləri», Həmid Vəliyevin «Jurnalist təhsili: beynəlxalq təcrübə» adlı məruzələri , professor Şirməmməd Hüseynovun çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb. Konfransın plenar iclası akademik Abel Məhərrəmovun nitqi ilə yekunlaşıb.

Konfransdan sonra jurnalistika fakültəsinin müəllim və professor heyəti ictimai- siyasi xadim, əməkdar jurnalist Nəsir İmanquliyevin məzarı önünə əkil qoydular.

Fotoreportaj :ERCAN QIZILBUĞA
IIkurs tələbəsi

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009