Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Pandemiyanı infodemiyaya çevirmək olmaz

20/04/2020

Cahangir Məmmədli: "Bu dünyada hər kəsin bir talismanı var - Prezident İlham Əliyev bütöv bir millətin, bütöv bir xalqın talismanıdır"

Olaylar.az görkəmli elm xadimi, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin professoru  Cahangir Məmmədli ilə müsahibəni təqdim edir.

-Cahangir müəllim, dünya gündəmini zəbt edən pandemiya ilə bağlı sizin fikirlərinizi bilmək maraqlı olardı. Karantin günləriniz necə keçir?

-Müdrik xalqımızda elnən gələn dərdə dözümlülük var. Bəşəriyyətlə gələn dərdə dözüm bir az da güclü olmalıdır. Xalqımız indiyədək - tarixən çox dərdlərə dözüb. Biz heç faşistlərin də ağlına sığmayan Xocalı dərdi yaşamışıq. Biz öz yurdumuzda, öz elimizdə torpaq dərdi yaşayırıq. Ötən ilin Aprel döyüşləri bizə bu dərdlərin intiqamını almaq, dərdlərimizə çarə qılmaq ümidi verdi. Bu koronavirus da gəlib keçəcək. Dünya uyduğu lirikadan fizikaya - dəqiq elmləri bir az da sürətlə keçsə bu virusun da vaksini tapılacaq. Amma hər halda indi dünya əlacsızlıq sindromu yaşayır. İndi dünyanın ən özündəndeyən ölkələri əsir-yesir qalıb. Bəlkə o dövlətlərin bəzən havadarlıq da etdiyi Ermənistanın Şuşa kimi, Ağdam kimi şəhərlərimizi viran qoymalarına, belə şəhərlərimizin - ruhlar diyarına (V. Qazi) çevrilməsinə, işğal altında olan məkanlarımızda küçələrin bomboş qalmasına məhəl qoymayan o dövlətlərə Tanrının göstərdiyi görk səbəbindəndir ki, indi həmin özündəndeyən etinasız ölkələrin paytaxt küçələri bomboşdur; Ağdam kimi, Füzuli kimi; Cəbrayıl kimi...

Koronavirusun ötəriliyinə çox inanıram. Ona da inanıram ki, bu bəşəri xəstəlik bəşəriyyətin ağlını başına gətirəcək. Elə bizdə də oğru oliqarxları çirkli pulun həqiqətən mundar olduğuna inandıracaq. İki, üç nəfərlik bir ailə üçün 45-50 otaqlı feşenebel villa sahibləri, "vəzifə" sözünü rüşvət sözü ilə eyniləşdirən  məmurları, tələbəsindən rüşvət tələb edib müqəddəs "müəllim" sözünü ucuzlaşdıranları... heç olmasa bir az fikrə getməyə məcbur edəcək...

Qaldı mənim bu günlərdə nə ilə məşğul olmağıma, bir az yazıb, bir az uzanıb gözlərimi tavana zilləyirəm. Beynimdə neçə-neçə mövzu var. Bəzilərini yazıb "525"ə, "Şərq"ə, sizin  "Olaylar"a təqdim edirəm. Ancaq ciddi bir dərslik üzərində də işləyirəm. BDU-nun Jurnalistika fakultəsində dərsliklərə çox böyük ehtiyac var. Həm də o halda ki, bu koronavirus dünyanı elə dəyişməkdədir ki, sağlıq olsun, tamam dəyişəcəyi ehtimal olunan media prinsiplərinə yenidən baxmaq lazım gələcək.

Mən pis-yaxşı, bu konturları görürəm. Jurnalistikanın onlayn formatı birbaşa gündəmə gəlməkdədir. Elektron şəbəkə jurnalistikası medianın digər formatlarına meydan oxumaqdadır. Bütün bunlar "Yeni jurnalistika" anlayışının hələ başlanğıcıdır. Görək nə baş verəcək! Bu suala cavab axtaranlar sırasındayam.

-Bu çətin günlərdə mətbuatın öhdəsinə düşən əsas vəzifə nədir?

-Bu günlər mətbuatımız-mediamız ciddi sınaq qarşısındadır.  Qərb jurnalistikasından mənimsədiyimiz peşəkarlıq prinsiplərinin bir çoxu yararsız çıxdı. Televiziyanın xəbərlər proqramında qəza hadisələri zamanı, zəlzələdən ölənləri və s. faktları açıq-saçıq göstərməyi peşə etikasına sığmayan fakt kimi məsləhət görən Qərb jurnalistikasının aparıcı telekanalları virusdan əziyyət çəkən insanın titrəyən bədəninin detallarını da göstərib tamaşaçılarda vahimə yaradır, bu da xeyli sayda ölümlə nəticələnir. Təcrübəsinə güvəndiyimiz "Euronyus" TV çəkdiyi ölü cəsədlərini   həftə boyu efirdə saxlayır. Belə vəziyyətdə bizim media milli etik normalara söykənməli, uşaqları, qocaları sarsıda biləcək, hər kəsi stresə sala biləcək ölüm faktları ilə ehtiyatla davranmalıdır. Bu gün mediamızın, hətta idarə olunmayan sosial şəbəkə iştirakçılarının üzərinə bir vəzifə düşür: stress yaratmamaq, dövlətin tələb etdiyi qaydalara əməl etmək. Pandemiyanı infodemiyaya çevirmək olmaz. Yazmalı, göstərməli minlərcə mövzu var. Onları gündəmə gətirmək lazımdır.

-Prezident tərəfindən görülən tədbirləri necə dəyərləndirirsiniz? Hər kəs yeni bir dünyanın var olacağı haqqında müxtəlif fikir yürüdür. Siz necə düşünürsünüz?

- Mən Prezident İlham Əliyevin ən azı jurnalistlərlə bir neçə görüşünün iştirakçısı olmuşam. O, iki dəfə "Jurnalistlərin dostu" adına layiq görülüb. Bu günlər bir daha məlum oldu ki, İlham Əliyev bütöv bir millətin, bütöv bir xalqın dostudur. Elə bir dostu ki, o milləti, o xalqı bu bəladan qurtarmaq yolunda özünü fəda etməyə hazırdır.

Onun qabaqlayıcı tədbirləri bu gün qoca Avropanın pənah gətirdiyi  bir təcrübədir. Virusla bağlı yarana biləcək iqtisadi təsirlərin qarşısının alınması, imkansız insanlara sosial yardımlar, iş yerlərinin ixtisarına qoyduğu tabular, sahibkarlara kömək, onun sərəncamı ilə yaradılmış Qərargahın planları və iş prinsipləri, bu yolda prezidentin çağırışına "bəli! -deyib, özünü ön cəbhəyə atan həkimlərimizə verdiyi yüksək qiymət və göstərdiyi qayğılar - saymaqla qurtarmayan tədbirlərini tarixçilərimiz sonralar araşdıracaqlar. Mən dünya mətbuatını az-çox izləyən adamam, inanın ki, bizim Prezidentimizin vəziyyətlə bağlı sosial tədbirlər paketi bütün dünyada birinci oldu. Bizim Prezidentimizin pandemiya ilə mübarizə üçün xüsusi fond yaratmaq, iş adamlarına çağırışından, məsələn Türkiyədə Prezident Ərdoğan bir təcrübə kimi yararlandı və s. Bu dünyada hər kəsin bir talismanı var. Prezident İlham Əliyev bütöv bir millətin, bütöv bir xalqın talismanıdır.

-Karantin günlərində yaradıcılığınıza zaman ayıra bilirsinizmi? Yaxın günlərdə yeni kitab çapı gözlənilirmi?

-Bu yaxınlarda mənimlə bir blits müsahibədə jurnalist belə bir sual vermişdi: "Dünya nə vaxt düzələcək?" Mən də cavabında demişdim ki, "dünya məşhər ayağına çəkiləndən sonra". Bunu koronavirusdan əvvəl demişdim və xeyli tərəddüdlə demişdim. İndi isə bu fikri artıq cəsarətlə təkrar edə bilərəm.

Əlbəttə, məşhər hədəsi ilə heç kim razılaşmaz. Amma başqasının torpağında iddiası olan, dünyaya, bəşəriyyətə hegemonluq etməyə hazırlaşan, qədim Şərq mədəniyyəti ilə formalaşıb bu gün Şərqi viran qoyan, nüvə başlıqları ilə öyünüb bir-birini hədələyən, milli azadlıq hərəkatını beşiyində boğmaq istəyən tiran dövlətlər yəqin ki, bütün bunların bumeranq kimi bir gün onların özünə qayıdacağını da anlayacaqlar. Dünya mütləq yeni düzənə istiqamətlənəcək.

Azərbaycanın düşmənləri - xüsusilə Vətəndən qaçıb Vətənə düşmən mövqedə dayananlar insafa gələcək, ata-analarının, babalarının uyuduğu bu torpağın əvəzini heç bir ögey məkanın əvəz edə bilməyəcəyini anlayacaqlar. Belələrini maliyyələşdirib Vətənlərinə qarşı hədyanlar vasitəsinə çevirən o dövlətlər bu gün düşdükləri bu çətin vəziyyətdə miqrantları heç adam hesab eləmədilər, özgə ölkələrdən gedib oralarda oxuyan tələbələrin Vətənə qayıtmaq ümidini puça döndərdilər. Öz ölülərini şəhər küçələrində qazdıqları xəndəklərə gömdülər. Belə olan halda qoca Qərbdən,  yaxud özünə arxayın Amerikadan nəsə umanların ümidləri puça çıxmayacaqmı? Yəqin ki, indi o ögey ölkələrə sığınan o ümidsiz kəslər  milli folklorumuzun həzin, kövrək amma sanki elə onlar üçün min illərdən bəri qoruyub saxladığı bir bayatını hər gün dəfələrlə xatırlamalı olurlar:

Əzizim Vətən yaxşı,

Geyməyə kətan yaxşı.

Gəzməyə qərib ölkə,

Ölməyə vətən yaxşı!

Pandemiyanı infodemiyaya çevirmək olmaz

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009