Bu gün Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində Gürcüstanın Əməkdar jurnalisti, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin anadan olmasının 80 illiyinə həsr olunmuş mərasim və yubilyarın Bakı Dövlət Universitetinin 100 illiyinə həsr etdiyi “Ömür dedikləri...” biblioqrafik kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə Gürcüstanda işgüzar səfərdə olan Azərbaycan Mətbuat Şurasının sədri, Millət vəkili Əflatun Amaşovun salamını və təbrikini yubilyara çatdırıb və ona Mətbuat Şurasının diplomunu təqdim edib. O, qeyd edib ki, Tbilisdə və Bakıda çap olunmuş bir neçə kitabın, 500-dən çox elmi və elmi-publisistik məqalənin, “Dünya informasiya agentlikləri”, “Beynəlxalq jurnalist təşkilatları” dərs vəsaitlərinin, “Xarici ölkələrin jurnalistikası tarixi” dərsliyinin, habelə “Azərbaycan folkloru və ədəbiyyatı gürcü mənbələrində” monoqrafiyasının müəllifi olan professor Həmid Vəliyevin elmi əsərləri təkcə Bakı və Tbilisdə deyil, həmçinin Türkiyədə, Moskvada, Kiyevdə, Alma-Atıda, Daşkənddə, Aşqabadda və digər şəhərlərdə çap olunub.
Təqdimatda iştirak edən Beynəlxalq jurnalistika kafedrasının professoru Nəsir Əhmədli, “Xalq qəzeti”nin məsul əməkdaşı, Azərbaycan Mətbuat şurasının Təftiş və Nəzarət komissiyasının sədri Tahir Aydınoğlu, şair Sabir Sadaxlı, filoloq-jurnalist Müşfiq Borçalı, Əməkdar jurnalist Adil Cəmil, Beynəlxlaq jurnalistika kafedrasını dosenti Vəfa İsgəndərova H.Vəliyevin elmi-pedoqoji fəaliyyətindən, jurnalistika sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasında, seçilməsində mühüm işlər görməsindən danışıblar, təqdimatı keçirilən “Ömür dedikləri...” kitabını yüksək qiymətləndiriblər.
Sonda Həmid Vəliyev çıxış edərək Azərbaycan Mətbuat Şurasına, Ahıl Jurnalistlər Məclisinə, təqdimat iştirakçılarına göstərilən qayğı və diqqətə görə minnətdarlığını bildirib.
![]() |
![]() |
![]() |
![]() |