Sizə məktub var
24/04/2020
Ölkədə savam edən karantin rejimini nəzərə alaraq insanların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif layihələr həyata keçirilir.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin birinci kurs tələbələri Rauf Şirinov və Rövşən Əlisoy da belə bir təşəbbüslə çıxış ediblər. Onlar "Young Press" Instagram səhifəsi ilə "Sizə məktub var" virtual layihəsinə start veriblər.
Layihə çərçivəsində AYB-in katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Filologiya fakültəsinin dosenti Məti Osmanoğlu, əməkdar aktyor Anar Heybətov, aktyor Canəli Canəliyev, aktrisa Zülfiyyə Məmmədova, PR mütəxəssisi Nəsimi Paşayev, diksiya mütəxəssisi Cəlalə Nəzəroğlu, gənc sahibkarlar Orxan Şahbaz, Orxan Mahmudov, xeyriyyəçi Elgül Hüseynquliyeva, Azər Nəzərov, jurnalist Rövşən Tahirli, BDU-nun tələbələri Ümid Oruc, Nadir Rza, dövlət işçisi Ümid Məcidli və başqaları öz məktublarını göndəriblər.
"Sizə məktub var" layihəsi çərçivəsində tanınmış şəxslərlə yanaşı, gənclər də bir-birlərinə səsli məktub göndərir, onlara sual, arzu, istək və xoş diləklərini bildirirlər. Layihə koronavirus (COVİD-19) pandemiyası yayılan zaman karantin vəziyyətinə uyğun planlanıb və ictimaiyyətin diqqətini cəlb edib. Hazırkı şəraitdə insanlar arasında xoş və isti münasibət ən vacib məqamdır. Layihənin əsas məqsədi də insanlar arasında səmimiyyəti, qayğını qoruyub saxlamaqdır.