Bu gün BDU Jurnalistika fakültəsi Tələbə Həmkarlar Təşkilatının təşəbbüsü ilə əfsanəvi şən və hazırcavablar klubunun (ŞHK) “Parni iz Baku” komandasının üzvləri, “Planet Parni iz Baku” teatrının aktyorları - Əməkdar artistlər Cabir İmanov, Tahir İmanov və Azər Məmmədzadə Bakı Dövlət Universitetində olublar.
Tədbiri giriş sözü ilə açan Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov tələbələri və qonaqları salamlayaraq “Planet Parni iz Baku” teatrının aktyorlarını Bakı Dövlət Universitetində görməkdən məmnunluğunu ifadə edib. Universitetdə bir ənənə halını almış, ölkənin mədəni, ictimai həyatında əhəmiyyətli rol oynayan insanlarla tələbələrin görüşlərinin təşkil edildiyini vurğulayan Daşqın Qənbərov “Parni iz Baku” komandasının yumor sənətinə verdiyi töhfələrdən söz açıb.
Daha sonra qonaqlar Jurnalistika fakültəsi tələbələrinin hazırladığı videoçarx ilə tanış olublar.
Tələbələrin layiqli vətəndaş kimi formalşmasında təhsilin rolundan bəhs edən Tahir İmanov, Cabir İmanov, və Azər Məmmədzadə öz sənət hekayələrindən, uğur yollarından, karyeralarında qarşılarına çıxan problemlərdən və onları necə həll etmələrindən danışıblar.
BDU-nun “Yumor klubu”nun hazırladığı səhnəcik də tədbir iştirakçılarının rəğbətini qazanıb.
Sonda qonaqlar Bakı Dövlət Universitetinin rəhbərliyi adından Təşəkkürnamə ilə təltif olunublar.