Şuşa digər adı ilə Pənahabad təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilib. 28 illik həsrətdən sonra Azərbaycan Silahlı Qüvvələri tərəfindən 8 noyabr 2020-ci ildə işğaldan azad edilib.
Şuşa Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi, Gözəlliyi ilə hər kəsi heyran qoyan möhtəşəm bir şəhərdir. Yol boyu qeyri-adi hisslər keçirtməmək mümkün deyil. Sevinc, kədər, qürur hissləri bir- birinə qarışır. Şuşaya yol Füzuli ərazisindən keçir. Dağıdılmış evlərə, minalanmış ərazilərə baxan hər kəs qəribə hisslər keçirdir. Azərbaycan əsgərinin çətinliklə bu torpaqları işğaldan azad etməsi, 44 günlük Vətən müharibəsi canlanır insanın gözündə.
Şuşaya dağların başına dolana-dolana yeni şəkilmiş “Zəfər yolu” ilə gəlib Şuşa şəhərinə çıxdıq və o torpağa ayaq basdıq. Ermənilərin 28 illik fəaliyyəti bu əsrarəngiz şəhəri gözəllikdən məhrum edə bilməyib. Bir tərəfdə Şuşa qalasının əzəməti, qədim şəhərin küçələrindən gələn təbiət qoxusu, Şuşanı ağuşuna alan başı dumanlı dağlar, daxili küçələrdə çay daşlarından çəkilmiş hasarlar, qala divarına paralel uzanan yamyaşıl çəmənlik, Şuşanın xoş havası insanın qəlbində qarışıq, sevincli, bəzən də kövrək duyğular yaradır. İlk mənzilimiz İcra hakimiyyəti binası və "Güllələnmiş büstlər” olur. Şuşanın işğalı zamanı zədələnmiş və sonralar Azərbaycan dövlətinin ermənilərdən pulla alaraq Bakıya gətirdiyi Üzeyir Hacıbəyov, Bülbül və Xan qızı Natavanın heykəlləri yenidən doğma yurduna geri qaytarılıb. Heykəllərin üzərindəki xəsarətlər, güllə izləri erməni vandalizminin bariz nümunəsidir.
Sonra əzəməti ilə göz oxşayan Şuşa qalası istiqaməti ilə irələyirik. Qalanın üzərində olan Şuşa yazısını gördükcə insanı qürur hissi bürüyür. Qalanın üzəri ilə gəzirəm sağ tərəfdə Xankəndimiz görsənir. Gün gələcək biz orada səfər edib, göz oxşayan təbiətini görəcəyik. Xankəndi Şuşaya çox yaxın ərazidədir, oranı rahat görə bilirdik.
Şuşanın məhəllələri ilə gəzə-gəzə yol aldıq Bülbülün ev muzeyinə tərəf. Məhəllələrdə olan çay daşlarından tikilmiş, dağıdılmış evlərə heyrətlə baxa-baxa gəlib muzeyə çatdıq. Bülbülün ev muzeyində bərpa işləri gedirdi. Bu baxımdan evin içərisinə daxil ola bilmədik. Həyətin ortasında Bülbülün yeni heykəli qoyulub. Ondan bir qədər aralıda isə Bülbülün erməni işğalı nəticəsində zədələr alan köhnə heykəli də saxlanılır.
Şuşa deyiləndə ilk yada düşən Cıdır düzü olur. Muzeydən uzaqlaşıb, Cıdır düzü istiqamətində hərəkətə başladıq. Çox həyəcanlanırdım, şəkillərdən videolardan gördüyüm Cıdır düzünü canlı-canlı görmək mənə nəsib olmuşdu. Cıdır düzü dağlar qoynunda yerləşən, şəhərin yeganə və böyük hamar ərazisidir. Elə bu səbəbdən də ta qədimdən burada Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib.
O, şəhərin kənarında - Daşaltı dərəsinin yuxarı hissəsində yerləşir. Buradan açılan heyrətamiz mənzərə insanı valeh edir. Cıdır düzünün digər tərəfində üçrəngli bayrağımız vüqarla dalğalanır. Buradan baxanda aşağıda Şuşa, uzaqda isə Xankəndi şəhəri görünür. Ərazi başdan-başa çəmənlik və çöl çiçəklərinə bürünüb. Qarşısında dayandığımız güllələrdən dəlik-deşik olmuş qaya parçaları. Haqq savaşımızın şahidi olmuş bu qayalar igid oğullarımızın Qarabağın bu cənnət guşəsinin hər dağı, hər qaya parçası, hər qarış torpağı üçün necə savaşdıqlarını öz lal sükutları ilə hər kəsə söyləyirlər.
Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini də ziyarət etdik. Muzey-məqbərə kompleksi Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üzərindədir. Muzey-məqbərə kompleksi təmir-bərpa və yenidənqurma işləri də aparılıb. 2022-ci ilin “Şuşa İli” elan edilməsi mədəniyyətimizin beşiyi, Qarabağımızın incisi sayılan Şuşanın inkişafına böyük təkan verəcək. Dünya 2022-ci ildə mədəniyyət paytaxtımızda baş verən möhtəşəm hadisələrin şahidi olacaq. Bu mötəşəm səfəri təşkil etdiyi üçün bütün BDU rəhbərliyinə başda Elçin Babayev olmaqla öz dərin təşəkkürlərimi bildirirəm.
Züleyxa Ağaməliyeva
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi