Bu gün Şuşanın işğalından 20 il ötür. 1992-ci il mayın 8-i Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin ermənilərin əlinə keçməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırıldı. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail oldular. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən, 289 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşayıb. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib.