Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Vaxtında preventiv tədbirlərin görülməsi Avropanı ağuşuna almış bu fəlakətin bizdə də təkrarlanmasının qarşısını aldı

26/03/2020

Müasir dövrdə texnologiyanın imkanlarının geniş olmasına baxmayaraq, dünya sağlamlıqla bağlı COVID-19 virusunun əlində aciz qalıb. Dünyanın ən aparıcı xəstəxanalarında belə bu virusla bağlı 90 faiz ölün halları baş verir.

Təhlükəli virusa qarşı mübarizədə təkcə hökumətin deyil, vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Əsasən, belə həssas dönəmlərdə peşəkarlıq və məsuliyyət ən vacib qırmızı cizgi olaraq özünü göstərməkdədir. Hazırda dünya qlobal pandemiya ilə mübarizə aparır, bu mübarizənin ön xəttində dövlət aparatı, səhiyyə işçiləri ilə yanaşı, həm də media durur. Məhz belə bir zamanda informasiyanın necə ciddi və təsiredici gücə malik olduğu özünü ən kəskin şəkildə ortaya qoymuş olur. Şübhəsiz ki, həm informasiya verən və həm də maarifləndirən peşəkar jurnalistika ilə yanaşı, həvəskar, hətta "obivatel" yanaşma sərgiləyənlər də kifayət qədərdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu deyib.

V.Zifəroğlu koronavirusla ciddi mübarizə aparıldığı və dövlətimiz tərəfindən operativ tədbirlər görüldüyü bir vaxtda bəzi üzdəniraq qüvvələrin yaydığı yalan məlumatları hansı əsasla yaydıqlarını anlamadığını bildirib. Dekan deyib: “Son bir neçə ayda koronavirusla bağlı bir çox məqamlarda müəyyən manipulyasiyalara şahid olduq və hələ də olmaqdayıq. Əsasən, sosial mediada biri-birinin ardınca yayılan yalan məlumatlar, hətta bəzi hallarda insanlarda çaşqınlıq və qorxu yaradan əsassız, yalan məlumatların paylaşılması, virusun özü qədər ciddi ziyan vuran məqam olaraq qiymətləndirilməlidir.

Koronavirus respirator virusdur və bununla bağlı insanlarda təşviş və həyəcanın olması təbiidir. Bu həyəcan və təşviş, əsassız, qorxunc dezinformasiyalar bumu ilə insanları stress vəziyyətinə sala bilər, bunun nəticəsi isə artıq kütləvi psixoz vəziyyətinin yaranmasıdır. Bu zaman məlumatlı olmaq, virusdan qorunmaq üçün ətraflı məlumatlanmaq, əsla ciddi qorxu üçün bir əsasın olmamasını yəqin etmək çox önəmlidir”.

Maarifləndirmə işində ən vacib işin medianın, jurnalistlərin üzərinə düşdüyünü vurğulayan dekan qeyd edib ki, sosial şəbəkələr insanlara öz düşüncələrini istədikləri formada ifadə etməyə, yaymağa imkan verir. Lakin bu hal, bizi məsuliyyətdən azad etmir. Çünki yayılan dezinformasiyalar mənfi nəticələrə səbəb olur. Məsələ yalnız virusun səhhətimiz üçün bir təhlükə olmasında deyil, həm də dezinformasiyalar və aparılan bilgi çirkliliyi sayəsində bir ümumi ajiotajın yaşanmasındadır və bu hal çox təhlükəlidir. Məsələn, ABŞ-da artıq silah satışı ilə ərzaq satışı bərabərləşib. Dünya artıq, sanki təkcə virus pandemiyası ilə deyil, qəsdən ortaya atılmış “dezinformasiya pandemiyası” və onun doğura biləcəyi daha vahim nəticələrlə də mübarizə aparmaq məcburiyyətində qalıb. Təsadüfi deyil ki, artıq bir çox ölkələrdə doğru olaraq virusla bağlı sosial mediada yalanlar paylaşan, dezinformasiyalar yayan şəxslərə qarşı hüquqi müstəvidə tədbirlər görülür.

Onun sözlərinə görə, birmənalı şəkildə vurğulamaq lazımdır ki, dövlətimiz zamanında preventiv tədbirlərə əl atmaqla, əslində, bu gün Avropanı ağuşuna almış bu fəlakətin bizdə də təkrarlanmasının qarşısını aldı. Dövlətimizin qəbul edilmiş konkret qərarlar və yol xəritəsi vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da daxil olmaqla, bir çox təşkilatlar Azərbaycanda görülən işləri çox yüksək qiymətləndirməkdədirlər. Diqqət edin: hər gün bununla bağlı hansısa ciddi addımlar atılır, qərarlar qəbul edilir. Eyni zamanda, cəmiyyət məlumatlandırılır və zəruri məlumatlar onlarla paylaşılır. Peşəkar media bu istiqamətdə tam maarifləndirmə və məlumatlandırma funksiyalarını layiqincə icra edir.

Vətəndaşları xüsusi karantin rejiminə əməl etməyə və həmrəy olmağa çağıran V.Zifəroğlu deyib: “Unutmaq olmaz ki, əsas doğru məlumatları paylaşmaq və peşəkarları dinləməkdir. Eyni zamanda, görülən qabaqlayıcı tədbirlər çərçivəsində, deyilənlərə əməl etmək, həm öz, həm də yaxınlarınızın sağlamlığını qorumaq və əsla təhlükəyə atmamaqdır. Şəxsi gigiyena qaydalarına əməl etməli, yaxınlarımıza arxa olmalı, yaşlı nəslin nümayəndələrini qorumalıyıq. Biz bir millət olaraq milli həmrəylik, məsuliyyət, milli birlik göstərməklə bu amansız xəstəliyə də qalib gələcəyik. Biz birlikdə güclüyük”.

 

Vaxtında preventiv tədbirlərin görülməsi Avropanı ağuşuna almış bu fəlakətin bizdə də təkrarlanmasının qarşısını aldı.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009