Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Vətən müharibəsi qazisi ilə görüş keçirilib

15/04/2021

Jurnalistika fakültəsində Vətən müharibəsi iştirakçılarından olan Mehman Əşrəfov ilə görüş keçirildi. Tədbiri moderator, fakültənin dekan müavini Samir Mirzəyev açaraq Şanlı ordunun tərkibində döyüşənlər arasında fakültənin tələbə və məzunlarının da iştirakının qürurverici hal olduğunu diqqətə çatdırdı. Hazırda təhsilini davam etdirən fakültənin 4-cü kurs (qiyabi) tələbəsi, Vətən müharibəsi qazisi Mehman Əşrəfovun sağ-salamat təhsilinə yenidən qayıtmasından, döyüşlərdə göstərdiyi igidlik və şücaətindən bəhs etdi.
Qazi M.Əşrəfov belə bir görüşün təşkilinə görə fakültə rəhbərliyinə dərin təşəkkürünü bildirərək, ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarda iştirakı üçün qürurlu olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, general Polad Həşimovun ölümündən sonra könüllü olaraq hərbi xidmətə yazıldığını və şəhidlərimizin qanının yerdə qalmayacağı günün gələcəyini, öz payına düşən missiyanı ləyaqətlə yerinə yetirəcəyi günü səbrsizliklə gözlədiyindən söhbət açdı. Mehman döyüş yolunun Cəbrayıl rayonu istiqamətindən başladığını, Qubadlı, Laçın uğrunda gedən şiddətli döyüşlərdə hərbi missiyasını yerinə yetirdiyini və “Laçının azad olunmasına görə” medalı ilə təltif olunduğunu bildirdi.
Fakültənin dekanı Vüqar Əliyev Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən aparılan 44 günlük müharibənin uğurlu nəticələrindən bəhs edərək, belə bir tarixi zəfərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinin iştirakını və qazi olaraq sağ-salamat evlərinə qayıtmalarının qürurverici hadisə olduğunu vurğuladı. Dekan tələbə-jurnalistlərlə Vətən müharibəsi qaziləri arasında belə görüşlərin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu da qeyd etdi.
Daha sonra Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxışında bildirdi ki, Mehmanın timsalında Azərbaycanın igid oğullarının qəhrəmanlıq göstərərək illərdir işğal altında olan torpaqlarımızı rəşadətlə azad etmələri doğma xalqa yeni nəfəs gətirdi. Professor eyni zamanda Ağdam rayonunun, doğulub boya-başa çatdığı rayonun Novruzlu kəndinin işğaldan azad edilməsini, doğma torpaqla bağlı xatirələrini kövrək notlarla ifadə etdi.
Tədbirin sonunda Qarabağ qazisi tələbələrin çoxsaylı suallarını cavablandırdı.


Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009