Vətənin şəhid şairi Əli Yusif Yusifzadə
Qədim Qarabağda hörmətlə adı çəkilən bir nəsil vardı: Yusifzadələr nəsli. Nəslin patriarxı Hacı Mirzə Ələkbərin ikinci övladı Mirzə Cəlal Ünsizadə dövrün maarifpərvər ziyalılarından biri olmuş, din alimi kimi də böyük nüfuz qazanmışdır.
Görkəmli tədqiqatçı Firudun Şuşinski qeyd edir ki, ərəb və fars dillərini mükəmməl bilən Mirzə Cəlal Ünsizadə 40 ilə yaxın müəllimlik etmiş, ədəbi yaradıcılıqla, musiqi ilə məşğul olmuş, şerlər, pyeslər yazmış, hətta tərcüməçilikdə də fərqlənmişdir. Onun mətbuatla- “İttifaq”, “Hilal”, “Həqiqəti-əfkar”, “Buxarai-şərif”, “Həqiqət”, “Turan”, “İqbal” qəzetləri ilə sıx əlaqəsi olmuş, “Sədayi-həqq”. “Azərbaycan”, “Maarif və mədəniyyət”də şer, məqalə, tərcümə və publisistik qeydləri çap olunmuşdur.
Mirzə Cəlal Ünsizadə övladlarının da ali təhsil almasına nail olmuşdur.
1900-cü ildə doğma Şuşada Ünsizadələr ailəsində dünyaya göz açan Əli Yusif Mirzə Cəlal oğlu Yusifzadə bu nəslin layiqli davamçısı, parlayan bir ulduzu olur.
XX əsrin əvvəllərində ictimai-siyasi düşüncədə, milli məfkurədə baş verən dəyişikliklər Şuşa mühitində də özünü göstərirdi. Azərbaycan ədəbiyyatına və mətbuatına N. Vəzirov, F. Köçərli, H. Vəzirov, Ə. Ağaoğlu, Y. V. Çəmənzəminli, Ü. Hacıbəyli, X. İbrahim, C. Hacıbəyli kimi şəxsiyyətlər bəxş etmiş Şuşa şəhəri maarif və mədəniyyətin beşiyi idi.
Orta təhsilini realnı məktəbdə alan Əli Yusif yaradıcılığa 11 yaşından başlamışdır. Böyük rus təmsilçisi Krılovdan etdiyi tərcümə onun ilk yaradıcılıq məhsulu olur. 1911-ci ildə “İşıq” jurnalının 3-cü sayında dərc olunan tərcümənin təqdimatında yazılır: “On bir sinndə realni məktəbində ikinci sinifdə təhsilə məşğul olan bir şairin Krılovdan mənzum tərcüməsidir”. İbrətamiz bir mövzuya həsr olunmus bu təmsildə işə, zəhmətə qiymət verilir. Göstərilir ki, iş, zəhmət insanı həm mənəvi, həm də fiziki cəhətdən cilaladığı kimi, əmək alətlərinin də işləkliyi onun uzunömürlülüyüdür ki, daim paslanmadan, kəsafətdən qoruyar:
Pas tutan söylədi ona: yoldaş!
Oldun. aya, nədən bu gunə kəmaş.
Günü-gündən məni basır nikbət,
Səni kim qıldı böylə xoşsurət?...
Dedi: işdir mənim pasımı açan,
Işsiz olmağ səni bu hala saçan.
Gümüş işlənməyə məkdur olar,
Dəmir işlənsə məsəldir gövhər olar.
Təsadüfi deyil ki, Əli Yusif yaradıcılığının ilk məhsulları “İşıq”ın səhifələrində intişar tapır. Belə ki, jurnalının 15-ci sayında gənc yazarın orijinal əsəri “Balıq və pişik” dərc olunur. Zəngin danışıq dilini mükəmməl bilən Əli Yusif təmsili sadə, anlaşılan bir dildə təqdim edir:
Balıq yemək bunu təngə gətirib,
Demək olar ağlını da itirib.
İmdi istər siçan ovuna gedə,
Kəsəyənlər tutub tüklərin didə.
“İşıq”ın 26-cı sayında dərc olunan “Anaların təfavütü” hekayəsi mövzu baxımından maraqlıdır. Gənc yazar şifahi və yazılı ədəbiyyatı nənələrin (anaların) dili ilə fərqləndirir. Hekayədə göstərilir ki, qoca nənə hər gün nəvəsinə Falay dayının Qara Divi öldürməsini, Divin qarnını yırtmasını, dəyirman daşından özünə əmud qayırmasmı söylərdi. Sonrakı günlərdə bu nağıllar dərviş nağılları ilə əvəz olunur. Övladının getdikcə dərvişpərəst olmasından narahat olan ata ona qiraət kitabı alır və aparıb məktəbə qoyur.
Əli Yusif Yusifzadə burada maarifçiliyi təbliğ edərək məktəblərin millətin balalarının gələcəyində böyük rol oynadığını, nağılların “doğru və nafalisi”nin kitablarda yazıldığını əsərin qəhrəmanının uşaqlıq xatirəsinin əsasında təqdim edir: “... ay nənə, kitabdan nağıl öyrənməyə nə lazımdır? Nənəsi cavab verdi ki, oxumaq ilə adam hər şeyin yaxşı yamanını bilir və yaxşı hekayələr öyrənir. ”
O, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti illərində dövrün aparıcı ziyalıları ilə birgə müxtəlif cəmiyyətlərin - “Yaşıl qələm”, “Ədəbiyyat cəmiyyəti”nin fəal üzvü olmuş, mətbuatda müstəqillik, azadlıq ideyalarını tərənnüm etmiş, böyük amallarin- xalqın, millətin istiqlalının carçısı olmuşdur .
Əli Yusif Prometeyin yenidən dirildiyini, Azərbaycanın qayalarında parə-parə cigərindən həqiqət alovu saçdığını, o atəşgədədən nur doğduğunu yeni istiqlaliyyət qazanmış, türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk müstəqil dövlət olan Azərbaycanın taleyi ilə bağlayır: “Bir zamanlar Şərqin atəşpərəstləri ziyarət üçün Azərbaycanın “Suraxana” atəşgədələrinə gəlir, onu təvaf edirdisə, imdi də yenə həman Şərqin bütün əsir, zəlil millətləri Azərbaycanın hürriyyət və istiqlalını, cümhuriyyətini təqdisə gələcəkdir. İştə bu gün o cümhuriyyət bütün mənasilə başlıyor.”
Burada Əli Yusifin amalı - sonsuz məhəbbətlə bağlandığı doğma Azərbaycanı müstəqil və azad görmək arzusu qabarıq şəkildə özünü göstərir: “İnşallah, ən yaxın atidə atəşpərəstlər məbədi Azərbaycanı nurpərəstlər qütbü, mədəniyyət ocağı görməklə hər bir azərbaycanlı bəxtiyar olacaqdır. Yaşa, istəkli cümhur vətənimiz, yaşa ey Şərq tarixinin Prometeyi! Sən xalqa mənfəət verəcək alovlu nuru gögdən alaraq yerə saç, insanlara tapşır, istər bunun üçün səni edam etsinlər”.
Əli Yusif milli istiqlal ideyalarının bütün çətinliklərə baxmayaraq parlayacağı, böyüyəcəyi, yüksələcəyi, həmçinin müstəqil olmağın bütün kiçik millətlərin şuar və arzusu olduğunu əzmkarlıqla vurğulayir. Ədib “Milli qayəmiz” (“Azərbaycan” qəzeti. 1918, 10 dekabi) məqaləsində yazır: “Qafqasiya millətləri də xətt-hərəkətlərini bu bina üzərində qurmaq istiyorlar; hələ Gürcüstan bu xüsusda bəzi müvəffəqiyyətlər də qazanaraq müstəqil yaşamaq istədiyini hər an sübuta qalxışıyor“.
Əqidəsindən, partiyasından asılı olmayaraq hər bir kəsi milli həyatla yaşamaq, milli hakimiyyətə nail olmaq üçün istiqlal şüarı altında birliyə çağıran ədib : “İstiqlal dedikdə artıq bütün mənsubiyyətlər,, siyasi məsləklər ortadan qalxaraq yalnız müstəqil Azərbaycan qalırkən onu yaşatmağa həpimiz namusumuzla borcluyuz” yazır.
Xaricdən və daxillən olan təhlükəli qüvvələrin yeni qurulmuş dövlətə qarşı apardıqları siyasətə qarşı mübarizəyə qalxan ədib yenidən əski sərhədlərə qaytarıb əski zəncirlərdə, buxovlarda boğmaq istəyən xainlərə haqq səsini ucaldır: “Bir millətin səsini kəsmək, onu susdurmaq əsla qəbul degil. Istiqlal fikri bu gün bir necə nəfərə məxsus olmayıb, ümummillətin tələb etdiyi, çalışdığı bir amaldır....
Vətənimizi Balkan xarabalarına müşabe etməmək, onu yabançı ayaqlara tapdağ etməmək üçün mütləqa müstəqil olmalıyız. Idealsız bir millət, bir hökumət yaşamaz diyorlar.
İştə yeni doğmuş Azərbaycanımızın idealı: istiqlaliyyət və bunun hüsulu yolunda səbat!”
Əli Yusifin “Azərbaycan” qəzetində dərc etdirdiyi “Sülhi-ümumi yolunda”, “Sülhi-ümumi yolunda” məqsədləri nədir?”, “Bu günün vəzifəsi”, “Pəncərə önündə yarım saat”, “Gənc nəslə”, “Qarabağ məsələsi” və digər yazıları problem, fakt və hadisələrə münasibər, forma və məzmun baxımından təqdirəlayiqdir.
Tədqiqatçı-alimlər A. Bayramoğlu və N. Qəhrəmanlının araşdırmalarından aydın olur ki, Əli Yusif 1920-ci ilin yanvarыn 14-də Aзярбайъан Xалг Cцмщуриййятинин milli tяhsillə bağlı 99 nəfər gяnci ilя birlikdə Fransaya göndərilir. Bu münasibətlə gənc türkçü şairin yanvarın 12-də “İstiqlal” qəzetində “Əlvida” başlıqlı şeri dərc olunur.
Ey müqəddəs, şanlı, sevimli ölkə,
Haqqını halal et, biz gedər olduq,
Kim bilər qəzayı, dönməyiz bəlkə,
Haqqını həlal et, biz gedər olduq.
Burada doğma Vətəninə sevgi ilə yoğrulmuş bağlılığı, xalqın, millətin gələcəyi naminə üzərinə düşən vəzifəni yerinə yetirməyə hazır olan, müstəqil ölkənin vətəndaş şairinin saf duyğularının misralara kökləndiyinin şahidi olursan. Qərbin Tarixi keçmişinə işarə edən Əli Yusif yazır :
Qərb yolu bəllidir, babamız getdi,
Günəşin izilə koşdu, fəth etdi.
Qərbdə ürfan varmış, gənclik eşitdi,
Haqqını halal et, biz gedər olduq.
Əli Yusif təhsil aldığı illərdə rus qoşunları Azərbaycanı işğal edir. Cümhuriyyətin süqutundan sonra Əli Yusif böyük çətinliklərlə üzləşməli olsa da, əzmkarlıq göstərmiş, məhrumiyyətlərə dözmüş, sonda vətənə qayıtmışdır.
Əli Yusifin Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan bir ay əvvəl, aprel ayında yazdığı “Qarabağ xəyanətlərinə” (“Qurtuluş” jurnalı, 1920, № 2 ) şeri o xəyanətlərin qurbanı olan doğma Qarabagımızın bu günü ilə səsləşir.
Ucalır göylərə həşmətli, mübarək qayalar,
Qayalar altında məhəbbətlə parıldar hər dağ,
Dərələr, məşcərələr, vəhşi qaranlıq kahalar
Yəni qiymətli, fəzilətli bir ölkə: “Qarabağ”
Bu bənddə şair Əli Yusifin dünyaya göz açdığı “Qarabağ” torpağına, onun əzəmətli qayalarına, dağlarına, dərələrinə, meşələrinə, bütövlükdə ana yurdunun əsrarəngiz təbiətinə sonsuz vətən sevgisini görürük:
Uçuyor onda qürur ilə bütün qartallar,
Nerə baxsan meşə var, şay var, ağac var, dağ var.
Hər səda əks eləsə dağlara əlhan oluyor,
Sanki hər bir daşı söylər də qəzəlxan oluyor.
Qarabağ şerlərin, nəğmələrin məskənidir,
Vaqifin, Asilərin türbəsidir, mədfənidir.
Qarabağ-yəni qəsayid və qəzəl dəryası,
Azəri tacının əy şəşədar alması..
Azərbaycanın baş tacının qiymətli qaşı olan Qarabağ diyarını― qəhrəmanlıq, şer, sənət ocağını, musiqi beşiyini, dahilərin son məskənini özünəməxsus şəkildə şer dili ilə təqdim edir və bir rəssam fırçası kimi oxucunun gözləri qarşısında “Qarabağ” tablosunu canlandırır. Oxucu bu tabloda gənc şairin vətən sevgisini, pak duyğularını görməyə bilmir.
Əli Yusif serin sonunda yurdunun, el-obasının başının üstünü alan kabuslara, xainlərə hökmlə etiraz səsini qaldırır, onları bu torpaqdan çəkilməyə, bu qarətlərə, qanlara son qoymağa çağırır:
Çəkil, ey çöhreyi-alması tutan jəng, çəkil,
Ay dağlarda gəzən teyfi-siyəhrəng, çəkil.
Çəkil, ay əllərini, xəncərini qanla yuyan,
Heç oyanmazmı məgər zənn ediyorsun uyuyan?
Çəkil, ey köyləri bərbad eləyən qarətgər!
Dul qadın kəsməyə məğrur olamaz bir əsgər!
Göründüyü kimi, azərbaycançılıq, milli ruh, vətənə, torpağa bağlılıq duyğuları ədibin istər publisistik məqalələrinin, istərsə də şerlərinin əsasını təşkil edir.
Haqsız repressiyanın qurbanı olan bu fədainin 38 illik həyat mücadiləci bugünkü nəslə bir örnəkdir:
Ey türk oğlu! Səni Tanrın Şərqə hadi göndərdi,
Yatmış yurdu qardaş kibi titrət, qaldır, oyandır!
Yeni məsud bir həyata dəvət eylə hər fərdi,
Yürəgində sönməyəcək bir təbii od yandır!...
İşıq” jurnalı,№1