Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

XOCALI SOYQIRIMI -insanlığa və bəşəriyyətə qarşı yönəlmiş amansız cinayət

23/02/2012

Erməni ideoloqları xarici havadarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı amansız terror, etnik təmizləmə siyasəti aparmışlar

Tarixi faktlar təsdiqləyir ki, "Dənizdən-dənizə Ermənistan" xülyası ilə yaşayan erməni ideoloqları müəyyən xarici havadarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı həyata keçirmiş, etnik təmizləmə siyasəti aparmışlar.
"Azərbaycan" qəzeti yazır ki, təcavüzkar erməni millətçilərinin və sərsəm "böyük Ermənistan" ideoloqlarının etnik təmizləmə və soyqırımı siyasətinin fəsadlı nəticələrini bütövlükdə iki milyon azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir.
Ötən əsrin sonlarına doğru Azərbaycana qarşı yenidən torpaq iddiası ilə çıxış edən Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal edilmiş, 20 mindən çox vətəndaşımız qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. İşğal nəticəsində Azərbaycanın 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmişdir. Həmçinin ümumi yaşayış sahəsi 9 milyon kvadratmertrdən artıq olan 150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni obyekt, eyni zamanda, 695 tibb məntəqəsi məhv edilmişdir. İşğal olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tamamilə sıradan çıxarılmışdır.
Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Kəlbəcər tarix diyarşünaslıq muzeyi yerlə yeksan olunduqdan sonra muzeyin ekspozisiyasına daxil olan nadir qızıl və gümüş zinət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınmışdır. Şuşadakı Tarix muzeyinin, Ağdamdakı Çörək muzeyinin, Zəngilandakı Daş Abidələr muzeyinin də taleyi belə olmuşdur. Ermənistan Respublikası "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamışdır.
Ümumiyyətlə, 1990-1993-cü illərdə Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatına 22 milyard ABŞ dollarından çox ziyan vurulmuşdur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımı isə dünya tarixində bənzəri olmayan vəhşiliyin daha bir əyani nümunəsi olmuşdur. Erməni faşizminin mənfur xislətini tamamilə ifşa edən bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir.
Həmin gün azğınlaşmış erməni quldur birləşmələri mənfur imperiyanın 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə mühasirəyə aldıqları Xocalı şəhərinə qarşı əvvəlcədən hazırladıqları məkrli planı işə saldılar: 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uşağı, 106 qadını, 70 qocanı bir neçə saatın içində milli zəmində amansızlıqla qətlə yetirən, 487 nəfəri ağır xəsarətlərə məruz qoyan, 1275 nəfəri girov götürən ermənilər qaniçənlikdə vaxtilə dünyanı lərzəyə salmış faşizmdən də betər olduqlarını nümayiş etdirdilər.
Xocalının işğalına dair istintaq materialları göstərir ki, hücumda mayor Oqanyan Seyran Muşeqoviçin komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriysayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və giziri iştirak etmişdir. Xocalı əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda çalınçarpaz atəşə tuş gələrək qətlə yetirilmişdir. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı faciəsinin 20-ci ildönümünün qeyd olunması haqqında sərəncamında deyildi kimi: "Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır".

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009