Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Şəxsiyyət və yaradıcılığı: proloqlar

21/10/2019

Orta məktəbin yeddinci sinfində oxuyurdum. Artıq gələcək peşəmi müəyyənləşdirmişdim. Jurnalist olacağam, vaxtsız vəfat etmiş jurnalist atamın yolunu davam etdirəcəm. Hər gün “Şərq qapısı” qəzetini oxuyurdum. 1970-ci ilin payızı idi. Qəzetdə bir yazıya rast gəldim: “Arpaçayı daşa bilməz”. Birnəfəsə oxudum. İmzaya baxdım: İsa Həbibov (İsa Həbibbəyli o vaxt Həbibov imzası ilə yazırdı). Bu yazını dönə-dönə oxudum, xeyli fikirləşməli oldum. Jurnalist olmaq həvəsim bir az da artdı. Görəsən, mən də belə yaza bilərəmmi? Və indi o vaxtdan 49 il ötür. Bu gün İsa Həbibbəylidən yazmaq istəyirəm. Və yenə də fikirləşirəm. Bu böyük insanın həyatının hər hansı bir anını canlandırmağın, yaradıcılığının müxtəlif yönümlü akademik səviyyəsini tədqiq etməyin, işıqlı şəxsiyyətinin çoxnövlü çalarlarını yazıya köçürməyin böyük məsuliyyətini dərindən dərk edirəm.

Elə bu səbəbdən də İsa Həbibbəylinin şəxsiyyəti və yaradıcılığı haqqında ancaq proloqlar yazmaq istədim. Və ilk proloqda onun ŞƏXSİYYƏTİNƏ: böyük inamımı ifadə etmək istəyirəm. İsa Həbibbəyli bütöv şəxsiyyətdir. Müxtəlif yüksək vəzifələrdə işləyib. 17 il Naxçıvan Dövlət Universitetinin rektoru kimi məsul vəzifə daşıyıb, bir neçə çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub, hazırda Azərbaycan Respublikası Milli Məclisinin üzvüdür, komissiya sədridir, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir, Akademiyanın Ədəbiyyat İnstitutunun direktorudur... Mən onun idarəçilik, təşkilatçılıq bacarığından, ictimai fəaliyyətindən ya gərək ayrıca və geniş yazam, ya da heç yazmayam. Bu barədə hələlik yazmamağı düşünürəm. Əlbəttə, böyük vəzifələrdir. Ancaq hansı vəzifədə işləməsindən asılı olmayaraq İsa Həbibbəylini onu tanıyanların qəlbində yaşadan parlaq şəxsiyyətidir: ədaləti sevməsidir, həqiqətə dözümüdür, fikir təmizliyi, söz təmizliyi, əməl təmizliyidir, tamahına yiyə durmasıdır, ləyaqət sahibi olmasıdır və yaşayış sadəliyidir. Tövəzökardır, prinsipialdır, xeyirxahdır. Çox işgüzardır. Bütün bu müsbət keyfiyyətlər uzun illər mənimlə olan ünsiyyətdən, elmi rəhbərim, elmi məsləhətçim kimi mənə olan tələbkarlığından və diqqətindən qaynaqlanaraq illərin sınağından çıxıb və iş yoldaşları, dostları, seçiciləri və nəhayət elmi ictimaiyyət tərəfindən qəbul olunub.
İsa Həbibbəyli mətbuata bağlı olan alimlərdəndir. Buna görə də onun
MƏTBUAT DÜNYASINA: proloq yazmaq mənim üçün xoşdur. Uzun illər mətbuatda çalışmışam, qəzetdə rəhbər vəzifədə işləmişəm, qəzet təsis etmişəm, mərkəzi qəzetin Naxçıvan üzrə xüsusi müxbiri olmuşam. İsa Həbibbəylidən mətbuata məhəbbət, jurnalistlərə hörmət görmüşəm. Jurnalist dostları çox idi. “Azərbaycan” qəzetinin Naxçıvan üzrə xüsusi müxbiri Məmməd Məmmədov faciəli vəfat edəndə onun haqqında elə təsirli bir məqalə yazmışdı ki...
Tanıdığı jurnalistlərin yaradıcılığını həmişə diqqətlə izləyir, yazdıqlarına münasibətini bildirir. Özü də mətbuatda tez-tez çıxış edir, xüsusilə, elmi-publisist yazıları ilə oxucuların görüşünə gəlir. Tarixilik, millilik, ideyalılıq və müasirlik onun publisistikasının səciyyəvi xüsusiyyətləridir. Onun publisistikasında müstəqillik dövründə Azərbaycanın real həyatı, ictimai-siyasi prosesləri öz əksini tapmışdır. Yaradıcılığında ictimai düşüncə elmi publisistikanın predmetinə çevrilərək vətəndaşlıq mövqeyini, dövlətçilik baxışlarını, müstəqillik qənaətlərini ortaya qoyur. Bəzən siyasətdən yazan peşəkar publisist, bəzən də araşdırmaçı-jurnalist təsiri bağışlayır. Bütün hallarda elmi-publisistik düşüncə üstünlük təşkil edir.
Publisist qələmi ilə “Yeniləşmədən intibaha” qədər keçilmiş yolu təhlil edir, “Böyük inkişafın möhtəşəm hesabatı”nı verir, “Peşəkarlıq”dan danışır, “Şərq qapısı”nın üfüqləri”ni müəyyənləşdirir, “Böyük qayıdışın bəhrələri”ni oxucusuna çatdırır. “Tarix və müasirlik” onun publisist yaradıcılığının əsas qayəsidir. İsa Həbibbəyli həm mətbuata yazırdı, həm də mətbuatdan yazırdı. Təkcə onu demək kifayət edər ki, İsa Həbibbəylinin 845 səhifəlik “Nuhçıxandan Naxçıvana” kitabında yer alan yazıların bir çoxu ilk dəfə mətbuatda dərc olunmuşdur. Ümumiyyətlə, İsa Həbibbəyli 800-dən artıq qəzet məqaləsinin müəllifidir.
Mənə belə gəlir ki, istedadlı publisist sonunda ya elmlə, ya da şairliklə məşğul olur. Ya da elə hər üçü ilə. İsa Həbibbəyli gənclik illərindən öz yaradıcılığında paralel olaraq hər üçünə müraciət edib. Şübhəsiz, elmi yaradıcılığı daha mütəmadi, ardıcıl və davamlıdır. Buna görə bədii-publisistik yaradıcılığı həmişə arxa planda olub.
ƏMƏKDAR ELM XADİMİNƏ: başlanğıc üçün olsa belə, nəsə yazmaq məsuliyyətlidir, həm də çətin. Çünki İsa Həbibbəylinin elmi yaradıcılığı onu akademik səviyyəsinə çatdırıb. Bir qədər əvvəl onun şəxsiyyətinə yazdığım proloqda çox işgüzar olduğunu qeyd etmişəm. Doğrudan da, İsa Həbibbəyli yorulmaz tədqiqatçı, istedadlı ədəbiyyat nəzəriyyəçisidir. İl ərzində respublika miqyasında ən çox elmi əsərləri çap olunan alimlərdən biri, bəlkə də birincisidir. O, ədəbiyyatşünaslıq elminin mühüm problemlərini qabardır, diqqəti onların köklü həll olunmasının vacibliyinə cəlb edir.
Mən yorulmaz tədqiqatçı ifadəsini işlədəndə onun arxasında İsa Həbibbəylinin təkcə zəhmətlə, ardıcıl çalışdığını deyil, həm də usanmadan Azərbaycan maarifçilik hərəkatının və maarifçi ədəbiyyatın görkəmli nümayəndələrinin, klassik ədəbiyyat və mətbuat korifeylərinin, çağdaş ədəbi mühitin bir çox şairlərinin, yazıçılarının, ədəbiyyatşünaslarının, tənqidçilərinin yaradıcılığını elmi tədqiqata cəlb etməsini nəzərdə tuturam. Bütün bu elmi əsərlər müstəqillik dövrü Azərbaycan elminə qiymətli töhfələrdir. Bunun üçün təkcə işgüzar, məhsuldar olmaq kifayət etməz, həm də yüksək fədakarlıq gərəkdir. Yüksək əqidə, milli ideya, dönməz məslək, intellekt sahibi olmaq vacibdir. İsa Həbibbəyli tanınmış elm xadimi kimi milli romantizm və tənqidi realizm ədəbi cərəyanları haqqında davamlı olaraq ciddi elmi əsərlər yaratmaqla yanaşı, ədəbiyyat nəzəriyyəsi məsələlərinə dair bir sıra dəyərli elmi araşdırmaların müəllifidir. İstərdim
ƏDƏBİYYAT NƏZƏRİYYƏÇİSİNƏ: proloqu təqdim edim. O, ədəbiyyat tarixi ilə bağlı mühüm xidmətlər göstərməklə yanaşı, ədəbi-elmi mühitdə ədəbiyyat nəzəriyyəçisi kimi də tanınır. Bu, o deməkdir ki, İsa Həbibbəylinin ədəbiyyatşünaslığın nəzəri problemləri ilə bağlı fəaliyyəti səmərəlidir. O, ədəbiyyatşünaslıq elminin əlifbası sayılan ədəbiyyatın yeni, orijinal, dəqiq tərifini vermişdir. Ədəbiyyatın növlərə ayrılmasına dair klassik təsnifata yenilik gətirmişdir. Satira haqqında ətraflı elmi təhlillər irəli sürərək satirik ədəbi növün xarakteri, imkanları haqqında əsaslı nəzəri fikirlər söyləmiş, satiranın ədəbi növlərdən biri olması ilə bağlı elmi iddiasını irəli sürmüşdür. Onun satiranı müstəqil ədəbi növ hesab etməsi mühüm ədəbiyyat nəzəriyyəsi hadisəsidir. İsa Həbibbəyli Rəşad Məcidin “Qələmsiz yazılanlar” əsərinə “Ön söz”də sosial şəbəkə ədəbiyyatından gələn “status-esse” və “sms-esse” kimi daha iki yeni janrı da ədəbi növ olaraq dəyərləndirmişdir.
O, ilk dəfə olaraq Azərbaycan ədəbiyyatının dövrləşdirilmə konsepsiyasının nəzəri əsaslarını hazırlamış və inkişaf mərhələlərini müəyyən etmişdir. İsa Həbibbəyli romantik lirikanın bədii üslublar sistemini yaratmışdır. Ədəbi növlərin və janrların yenidən təsnif edilməsi də İsa Həbibbəyliyə aiddir. Azərbaycan romantik şeirində sonet janrının ideya-sənətkarlıq perspektivinə dair mülahizələrini, himn və marşların xarakterik xüsusiyyətlərini, təkamülünü elmi-nəzəri fikirləri ilə asaslandırmışdır. İsa Həbibbəylinin ədəbiyyatımızda “Kiçik hekayə janrı - Novella” haqqındakı elmi qənaəti maraq doğurmuşdur. Akademik sübut edir ki, “Ədəbiyyatımızda hekayənin də, novella janrının da özünəməxsus inkişaf yolu və ənənələri mövcuddur. Onları eyniləşdirməkdənsə, fərqləndirməyi bacarmaq lazımdır. Fərq isə vardır”. Bu da “Dialoq haqqında monoloq”unda İsa Həbibbəylinin gəldiyi elmi nəticədir: “Zamanın hər zaman dialoqa ehtiyacı var. Dialoq zamanın barometridir. Dialoq bədii ədəbiyyatın tərəf müqabillər vasitəsilə danışan dilidir”. Bu proloqu bir cümlə ilə yekunlaşdırmaq istəyirəm: Akademik İsa Həbibbəylinin “Ədəbiyyat nəzəriyyəsi” adlı dərs vəsaitindən respublikanın ali məktəblərində geniş istifadə olunur. Yaradıcılığı çoxşaxəlidir. Folklorşünaslığa dair əsərləri ciddi elmi araşdırmaların nəticəsində yazılmışdır. Onun
FOLKLORŞÜNASLIĞINA: diqqət yetirməmək mümkün deyil. İsa Həbibbəylinin Azərbaycan folklorşünaslığında böyük əhəmiyyətə malik əsərləri maraqla qarşılanmışdır. O, Dünya eposunun ən qədim və qiymətli nümunələrindən biri olan “Kitabi-Dədə Qorqud” dastanlarının tədqiqi yeni mərhələdə” mövzusunda elmi əsərini 1998-ci ildə yazmışdır. Həmin əsərdə “Kitabi-Dədə Qorqud” dastanları Azərbaycan xalqının şah əsəri, Ana kitabı adlandırılır, Dədə Qorqud kimdir? sualı cavablandırılır. Bir il sonra 1999-cu ildə “Basatın Təpəgözü öldürdüyü boy”da Naxçıvan” izlərini axtarır. “Basatın Təpəgözü öldürdüyü boy”dakı toponimlərin Naxçıvan ərazisində olmasının bu regionun da tarixinin qədimliyini və Oğuz tayfalarına, onların ulu əcdadlarına aid olduğunu isbat edir. Səyyah olub el-el, oba-oba gəzir, Azərbaycan folklor yaradıcılığının incilərindən sayılan “Sara əfsanəsi haqqında” müxtəlif variantları araşdırmağa başlayır. Mətbuatda nağıllı, əfsanəli Arpaçayın şəninə qoşulan el nəğmələrindən söz açır.
İsa Həbibbəyli “Ələsgər sorağında” gəzərək Aşıq Ələsgər irsinin naməlum nümunələrini tapmışdır. Haradan? El arasından. Ürəklərdən. El aşığı ilə bağlı birinci yazı “Giliyə” gözəlləməsi”dir. İkinci yazı isə “Bu qız” şeiridir. Tədqiqatçı hər iki aşıq sənəti nümunəsinin usdad Ələsgərə aid olmasını isbatlayır və ilk dəfə olaraq həmin şeirləri oxuculara çatdırır. İsa Həbibbəylinin folklorla bağlı araşdırmaları Azərbaycan folklorşünaslıq elminə töhfəsidir. İsa Həbibbəyli klassik və çağdaş ədəbiyyatımızın bir çox nümayəndələri haqqında elmi fikirlər söyləmişdir. Onun əsas tədqiqat sahələrindən olan KLASSİK VƏ ÇAĞDAŞ ƏDƏBİYYATA: məhəbbətindən də bəhs etmək yerinə düşür. Bu məhəbbət və sayğının nəticəsidir ki, “Nizami Gəncəvi: Azərbaycandan dünyaya” hayqırır, “Mirzə Ələkbər Sabirimiz” deyir, “Millətin canlı heykəli”ni yaradır, “Böyük ədib və mütəfəkkir Əlibəy Hüseynzadə”nin xidmətlərini açıb göstərir, “Hüseyn Cavid və sənəti”ni qiymətləndirir, “Mir Cəlal müəllim”dən ürək dolusu yazır. Azərbaycan klassik ədəbiyyatının bir sıra görkəmli nümayəndələri haqqında araşdırmalar aparır, çox dəyərli elmi fikirlər irəli sürür. O, çoxəsrlik ədəbiyyat tarixinin bütün dövrlərinə və mərhələlərinə dair sanballı portret-oçerklərin müəllifidir. Təsadüfi deyil ki, İsa Həbibbəyli nəinki respublikamızda, onun hüdudlarından kənarda da məhsuldar bir ədəbiyyatşünas alim, ciddi ədəbiyyat tarixçisi kimi tanınır. Klassik ədəbiyyat nümayəndələrinin həyat və yaradıcılığına həsr olunmuş məqalələri xarici ölkələrin nüfuzlu elmi jurnallarında dərc olunmuşdur.
İsa Həbibbəyli çağdaş ədəbiyyatımızın ayrı-ayrı yaradıcılarını da elmi təhlilin süzgəcindən keçirmiş, “Ədəbiyyatımızda Anar zirvəsi”nə bələdçilik etmişdir. “Xalq şairi Məmməd Araz: ömür yolu və sənət dünyası”na baş vurmuşdur, “Azərbaycan ədəbiyyatında Səməd Vurğun məktəbi və Səmədoğlular” olduğunu göstərmişdir. “Xalq şairi Sabir Rüstəmxanlı” yaradıcılığının qiymətini vermişdir. “Zəlimxan Yaqub sənətinin poetik özünəməxsusluğu”nu açmışdır. Əlbəttə, yorulmaq bilmədən çalışan görkəmli alimin çağdaş ədəbiyyatımızın müxtəlif nümayəndələrinə həsr olunmuş əsərlərinin çox az bir qismi haqqında yaza bildik. Vurğulamaq istərdik ki, akademik İsa Həbibbəyli 400-ə yaxın elmi məqalənin müəllifidir və həmin məqalələrin onlarla sayı klassik və çağdaş ədəbiyyatımıza, bu ədəbiyyatı yaradanlara həsr olunmuşdur. İsa Həbibbəyli Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin böyük tədqiqatçısıdır. Mən xüsusi olaraq onun yaradıcılığının
MİRZƏCƏLİLŞÜNASLIĞINA: diqqəti çəkmək istəyirəm. Akademik İsa Həbibbəyli mirzəcəlilşünaslıq elminin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Öz gərgin, uzunmüddətli, cəfakeş yaradıcılığı ilə yeni dövr Azərbaycan mirzəcəlilşünaslıq elminin tədqiqinə yeni örnək və yeni düşüncə tərzi gətirmişdir. Onun “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyası çoxsaylı arxiv sənədləri ilə zəngindir. Cəlil Məmmədquluzadənin yaşadığı dövrün görkəmli şəxsiyyətləri barədə tarixi məlumatların, ədəbi və mətbuat materiallarının toplanması, seçilməsi, sistemləşdirilməsi, təqdimi və təhlili bacarığı əsl elmi tədqiqatçı örnəyidir.
İsa Həbibbəylinin Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında mətbuatda onlarla elmi məqaləsi dərc olunmuşdur. Mirzə Cəlilin əsərlərinin cildlərini tərtib və nəşr edib. “Molla Nəsrəddin” jurnalının transliterasiyasının yenidən bərpasına nail olub. Cəlil Məmmədquluzadənin anadan olduğu tarixin dəqiqləşdirilməsi İsa Həbibbəylinin xidmətidir. İsa Həbibbəyli faktlarla sübut etmişdir ki, Cəlil Məmmədquluzadə 1966-cı ildə deyil, 1969-cu ildə doğulmuşdur. O, Cəlil Məmmədquluzadə irsini Rusiyada, Türkiyədə, Fransada, Pakistanda, İranda, Ərəb ölkələrində yaymışdır. Görkəmli yazıçının Fransada, Polşada və İranda yaşayan nəvə-nəticələrini axtarıb tapmış, onlarla əlaqələr yaratmışdır.
İsa Həbibbəylinin elmi rəhbəri, rəsmi opponenti olduğu, yollarında “yaşıl işıq” yandırdığı diplomçuların, aspirantların, dissertantların, doktorantların sayı çoxdur. Onun bilavasitə rəhbərliyi və məsləhəti ilə Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” ədəbi məktəbi haqqında onlarla doktorluq və namizədlik dissertasiyaları müdafiə olunmuşdur. Mən də onların arasındayam. Onun hər dəfə mirzəcəlilşünaslar sırasında mənim də adımı çəkməsi qürurvericidir. İsa Həbibbəyli Azərbaycan ədəbi-tənqidinin inkişafında da mühüm xidmətlər göstərmişdir. Akademikin TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIĞINA: da indiki məqamda ancaq proloq şəklində müraciət etmək olar. İsa Həbibbəylinin tənqid və ədəbiyyatşünaslıq sahəsindəki fəaliyyətindən danışarkən heç şübhəsiz, onun erudisiyasını, praqmatik düşüncəsini, təhlil istedadını, ümumiləşdirmə bacarığını qeyd etmək lazımdır. Alimin bu sahədəki önəmli xidmətləri ədəbi-tənqid tərəfindən maraqla qarşılanır. “Azərbaycan elmində Məmməd Cəfər məktəbi”, “Abbas Zamanov dünyası”, “Yeni tipli ədəbiyyatşünaslıq məktəbinin yaradıcısı”, “Akademik Bəkir Nəbiyev və elmimizin Bəkirnaməsi”, “Kamran Dadaşoğlu: həyatda mərdlik, elmdə fədakarlıq”, “Görkəmli tənqidçinin portreti”, “Universal elmi düşüncənin imkanları”, “Yusifli Vaqifdən Vaqif Yusifliyə” və başqa ədəbi-tənqidi məqalələrində daha çox müasir dövrün tənqidçilərinin və ədəbiyyatşünaslarının yaradıcılığı elmi təhlilin obyektinə çevrilmişdir. İsa Həbibbəyli 50 ilə yaxındır ki, ədəbiyyatşünaslıq elminin inkişafı, bədii-estetik fikrin tədqiqi ilə məşğuldur. Həm də xüsusi şövqlə, təmkinlə, qürurla axtarışlarını davam etdirir. Ədəbi tənqid sahəsindəki çoxillik səmərəli fəaliyyəti deməyə əsas verir ki, bu istiqamət müasir Azərbaycan ədəbiyyatşünaslığında möhtəşəm zirvələrdən biridir. Bu zirvəyə çatmaq çox çətindir. Zəhmət, həvəs, səbr, dözüm və ən əsas İsa Həbibbəyli biliyi və dünyagörüşü sayəsində bu zirvəni fəth etmək olar. İndi də İsa müəllim vaxtaşırı arxivlərə gedir, dövri mətbuatı izləyir, əsl vətəndaş təəsübkeşliyi, əsl alim zəhmətkeşliyi ilə yazıb-yaradır. Yazıb-yaratmaq demişkən, İsa Həbibbəylinin şairliyi də var axı...
ŞAİRLİYİNƏ: proloqu necə yazmağım barədə düşünüb daşınıram. İlk şeiri 1964-cü ildə mətbuatda dərc olunub. Şeirlərində öz xarakterini - özünə inamını, sədaqətini, zəhmətkeş, inadkar olduğunu ortaya qoyur, vəfadan danışır:
“Vəfalıdır dünya, yaxşı düşünsən,
Vəfasız əbədi yaşaya bilməz” -deyir.
Həyat kitabına adını yazır: “Zəhmət”. “Balaca rəssam”a tövsiyə edir:
“Çək, çəkən əlin,
Görüm var olsun!
Fırçan, qələmin,
İnadkar olsun!”
Şeirləri çox yığcam, lakonikdir, mənası, siqləti isə böyükdür. “Ana” şeirindəki kimi:
“Dərdimə yanan,
Dərdini danan,
Xəbərsiz-xəbərsiz əriyən şam.
Sabaha çevriləcək axşam.
Bir evin işığı,
Dünyanın yaraşığı,
Düşüncə, ağıl.
Nənə olanda nağıl”.
“Qar” haqqında cəmi iki sətir yazıb:
“Donmuş yağış giləsi,
Qışın ömür şələsi”.
Bütün şeirlərində özünü ifadə edir. “Yol gedirəm” şerində olduğu kimi:
Bağrıma basmışam alovu, odu,
Vulkan təhlükəli yanar bir dağam.
Əlimi heykələ vurdum, soyuqdu,
Heykəl olanadək soyuyacağam!
İsa Həbibbəylinin vətənpərvərlik şeirlərinə, marşlarına mahnılar bəstələnib. O, rusiyalı şair Rimma Kazakovanın, Misir Ərəb Respublikasının şairi Əhməd Sövqinin şeirlərini Azərbaycan dilinə tərcümə etmişdir.
Gənc İsa Həbibbəylinin yolları şeirdən başlamışdı... Həzin, kövrək duyğulara köklənərək, biliyinə güvənərək, inadına, inamına bələnərək bu yollara çıxmışdı... İndi bu yollarla ədəbiyyatşünaslığımızın ağsaqqalı, 70 yaşlı işıqlı, müdrik bir insan addımlayır... Yolların həmişə açıq olsun, Ustad!

Şəxsiyyət və yaradıcılığı: proloqlar

Allahverdi MƏMMƏDLİ,
Filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009