Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Yalçın Əlizadə: alim və müəllim ləyaqəti

17/01/2010

Ləyaqət insanın ali keyfiyyətidir. Və ləyaqət insanın təkcə davranışına, münasibətinə deyil, onun fəaliyyətinin bütün istiqamətlərinə şamil edilən epitetdir. Kimin harda, hansı sahədə fəaliyyət göstərməsindən asılı olaraq, insanın bu sahədəki işi də ləyaqət tələb edir. Həkim ləyaqəti, müəllim ləyaqəti, alim, sənətkar, usta... ləyaqəti. Bütün bunların məcmusunda isə insan-vətəndaş ləyaqəti kimi ağır çəkili bir məzmun dayanır.

Professor Yalçın Əlizadə Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin dekanıdır. Bu fakültəyə o, jurnalist peşəsində formalaşandan, radio sahəsində tanınmış bir peşəkar olandan sonra gəlib. O, hələ 1962-ci ildə elə bu universitetdə jurnalistika ixtisasını bitirən kimi Azərbaycan radiosunda çalışmağa başlayıb. Radioda müxtəlif vəzifələrdə işləyib və həm də elə peşəkar jurnalistlik illərində radiojurnalistikanın nəzəri problemləri ətrafında tədqiqatlar aparıb. O illərdə Azərbaycan radiosunda siyasi icmalçı kimi də fəaliyyət göstərən Şirməmməd Hüseynov Yalçın Əlizadəni dekanı olduğu jurnalistika fakültəsinə müəllim dəvət etdi. Y.Əlizadənin bu dəvəti qəbul etdiyi vaxtdan üzü bu yana bütün rəsmi, ictimai, elmi fəaliyyəti mənim də gözümün önündə keçib. Yalçın müəllim fakültəyə qədəm qoyan kimi özünün elm, alim, müəllim kredosunu ortaya qoydu: radiojurnalistikanın nəzəri əsaslarını hazırladı, bu sahədəki boşluğu doldurdu, klassik müəllimliyin pedaqoji ləyaqəti ilə tələbələrinin hörmətini qazandı. Heç yerə, heç nəyə tələsmədi. Əsas işi hələ təzəcə formalaşmaqda olan fakültənin nüfuz qazanmasına yönəldi. Moskva Dövlət Universiteti jurnalistika fakültəsindəki televiziya və radio jurnalistikası kafedrasının müdiri, “dünya şöhrətli TV, radio nəzəriyyəçisi” (Y.Boretski) Ənvər Bağırovun Azərbaycan təmsilçisi oldu. Kitablar, məqalələr, dərs vəsaitləri, tədris proqramları, pedaqoji fəaliyyət. Mərhum professor Tofiq Rüstəmovun, Yalçın Əlizadə kimi mütəxəssislərin yetişməsi ilə fakültədə Televiziya və radio jurnalistikası kafedrası yaradıldı. Şirməmməd Hüseynovun təşəbbüsü ilə ərsəyə gələn bu kafedraya əvvəlcə professor Tofiq Rüstəmov, sonralarsa Yalçın Əlizadə rəhbərlik etdi. Bir az da keçdi və Yalçın müəllim fakültənin dekanı seçildi. Yalçın Əlizadənin alim kimi, müəllim kimi, nəhayət kafedra müdiri və dekan kimi ləyaqəti bu məqamda özünü daha çox göstərdi. Xüsusi vurğulamaq istərdim ki, jurnalistika Bakı Dövlət Universitetində həcmcə çox kiçik fakültə olmasına baxmayaraq, daxilən mürəkkəb, çoxxarakterli bir fakültədir. Bütün dövrlərdə bu fakültə öz müstəqil sözü ilə, hadisələrə müstəqil baxışı ilə, hər cür diqtədən uzaqlığı ilə seçilib. Bu fakültənin əbədi bir təmizlik qüruru, saflıq xarakteri var. Bu təmizlik və saflıq onun müəllimlərini bir az ərköyün, bir az diliuzun edir. Bu fakültənin müəllimli-tələbəli mətbuatla, həm də bu mətbuatın ən çeşidli tipləri ilə daimi əlaqəsi, işbirliyi var. Belə bir fakültənin təmizlik, saflıq xarakterini zamanın keşməkeşlərindən çıxarmış Nurəddin Babayev, Şirməmməd Hüseynov, Famil Mehdi, Tofiq Rüstəmov, Nəriman Zeynalov, Akif Rüstəmov kimi dekanları, sahiblik edənləri olub. Estafeti bu adamlardan almaq və onu bu günə çatdırmaq Yalçın Əlizadəyə düşdü. Onun ilk dekanlıq günlərində skeptiklər də tapıldı. Yeni, cavan qüvvələrin də qatıldığı bu fakültənin saflığını, tələbəyə ideal, klassik münasibətini qoruyub saxlamağa Yalçın Əlizadənin gücü çatacaqmı? Elə bil bu fakültənin taleyini Allah verib. Onun dekanlarının hamısı müəllim namusunu hər şeydən uca tutub. Yalçın müəllim də bu sıraya elə bu kredoyla qoşuldu. Dekanlığının birinci dörd illik seçkilərində hər kəs onun o müqəddəs təmizlik sıralarında ləyaqətlə dayandığını, universitet anlayışı altında dayanan məsuliyyətli məzmunu necə vicdanla dərk etdiyini gördü. İkinci dördilliyə seçkilər zamanı Yalçın müəllim yekdilliklə dekan seçildi, bu dəfə onun fəaliyyətinə şübhə ilə yanaşan skeptiklər tapılmadı... Ötən il Jurnalistika fakültəsinə dekan seçkiləri yenidən gündəmə gəldi. Fakültənin kollektivi bir müddət narahatlıq keçirtdi: rəhbərlik Yalçın Əlizadənin üçüncü dəfə namizədliyinə etiraz etməz ki? Başda əbədi müəllimimiz Şirmməd Hüseynov olmaqla hamımız universitet rəhbərliyinə müraciət etdik: Yalçın Əlizadəni yenidən dekan seçmək üçün namizədliyini irəli sürməyimizə etiraz etməməsi üçün. Rəhbərlik bizi başa düşdü. Və Yalçın Əlizadə üçüncü dəfə fakültəyə dekan seçildi. Bu seçki ərəfəsində professor Ş.Hüseynov Yalçın Əlizadəni bir dekan kimi belə xarakterizə etdi: Yalçın ləyaqət sahibidir, mənim ümidlərimi doğrultmuş alim və müəllimdir, dekanlığa yaraşan şəxsiyyətdir.
Fakültənin əməkdaşları və tələbələr yaxşı bilirlər: Yalçın müəllim bir dekan kimi yeri gələndə səhlənkarlığa, nöqsanlara görə hər kəsi möhkəm danlaya bilər. Amma dekan bu əməkdaşların və tələbələrin haqqını ən kritik anlarda, hər yerdə cəsarətlə qoruyan, müdafiə edən insandır. Nə gizlədim, bəzən fakültəyə kənar kafedralardan gələn, bu fakültənin təmiz dünyasına ləkə vurmaq istəyən nabələd “müəllimlər” də peyda olur. Belə anda dekan heç ehtimalları da yaxın buraxmır: həmin “müəllim”i fakültədən dərhal uzaqlaşdırır. Universitet rektorunun “mübahisəli şeyləri həmişə tələbənin xeyrinə həll edin” tövsiyəsi bir dekan kimi Yalçın Əlizadənin əsas prinsiplərindən biridir.
Jurnalistika ölkənin ali təhsil sistemində boloniya tədris prosesinə ilk qoşulan fakültədir. İlk illərin çətinlikləri, bütün universitet üçün yeni təcrübədə istinad nöqtəsi bu fakültə oldu. Yalçın Əlizadə bu çətinlikləri, ilk təcrübə məqamlarını birinci yaşayan dekan oldu. İndi o vaxtlar xeyli arxada qalıb. Jurnalistika fakültəsi bu sahədə də inkişafın yeni mərhələsindədir. Etiraf edim ki, jurnalistika fakültəsinin müəllimləri həmişə mətbuatla əlaqəsi olduqlarından, bəlkə də başları daha çox praktik yaradıcılığa qarışdığından elmi dərəcəyə o qədər də bənd olmayıblar. Bu, fakültədə bir az da ətalətə bənzəyirdi. Yalçın Əlizadə dekan olan vaxtdan müəllimlərin qarşısına ciddi bir tələb qoydu: Auditoriyaya girən müəllimin öz konsepsiyası, öz nəzəri iddiaları olmalıdır. Bu da elmdən, elmi tədqiqatdan keçir. Fakültədə dissertabelli tədqiqat işləri sürətlənməlidir. O vaxtdan bəri fakültədə neçə-neçə namizədlik və doktorluq işi müdafiə edilmişdir. Dekan elmi, pedaqoji qabiliyyətini duyduğu əməkdaşların müəllim keçməsinə xüsusi diqqətlə yanaşır. Ona görə də son illər fakültədə pedaqoji kollektivin cavanlaşma prosesi getməkdədir. Məhz Yalçın müəllimin tövsiyəsi, xeyir-duası ilə fakültədə işə qəbul olunmuş gənclərin ürək sözləri:

Sevinc Məmmədova (Teleradio kafedrasının müəllimi): – Yalçın Əlizadə atamın dost yadigarıdır. Mən ondan elmə, tələbəyə, insana münasibət öyrənmişəm. Sevil Həsənova (Teleradio kafedrasının müəllimi): – Tale elə gətirib ki, həyat yoldaşım da, mən də Yalçın müəllimin tələbələri olmuşuq. İndi fəxr edirəm ki, çox sevdiyim bir müəllimimlə bir kafedrada işləyirəm. Gülnarə Sadıqova (Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimi): – Yalçın müəllim təkcə dekan deyil, o, bizə arxadır, dayaqdır. Problemlərimizlə yaşayan insandır. Xatirə Hüseynova (Teleradio kafedrasının baş laborantı): – İlk baxışdan sərt görünən Yalçın müəllimin bu sərtliyi də yalnız həqiqətə xidmət edir. Bu gün bizim həqiqətimiz ona çox bağlıdır.

Qeydlərini təqdim etdiyim bu gənclərin hamısı indi jurnalistikanın nəzəri problemlərini araşdırmaqla məşğuldur.
Fakültə Elmi Şurasının rektorluğa təqdimatı və rektorun tövsiyəsilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası “Jurnalistika” ixtisası üzrə xüsusi müdafiə indeksi müəyyən edib. Yenə də fakültə dekanlığının və fakültə Elmi Şurasının təşəbbüsü ilə “Azərbaycan” nəşriyyatında “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası”nın filialı yaradılıb. Yalçın müəllimin təşəbbüsü ilə telekanalların birində fakültənin “Televiziya və radio jurnalistikası” kafedrasının da filialı yaradılacaq.
Yalçın Əlizadə təşəbbüskar dekandır. Onun təşəbbüsü ilə fakültədə Jurnalistika Araşdırma Mərkəzi yaradılmaq ərəfəsindədir.
Yalçın müəllim peşəkar jurnalistdir. Respublikanın mətbuat orqanlarında müntəzəm yazıları dərc edilir. Bu yazılar öz peşəkarlığı ilə tələbələrə örnək rolunu oynayır.
Yalçın Əlizadə fakültə Elmi Şurasının sədridir. Bu Şura öz yığıncaqlarında tədrisin problemlərini, elmi-tədqiqat məsələlərini, fakültənin dünyanın qabaqcıl universitetlərində analoji tədris qurumları ilə əlaqələrini təhlil edir. Fakültənin müxtəlif jurnalist təşkilatları ilə əməkdaşlığının da mühüm bir hissəsi dekanın, Elmi Şura sədrinin təşəbbüslərinə bağlıdır.
Yalçın Əlizadə universitet Elmi Şurasının üzvüdür. Bu şuradakı fəaliyyəti ilə də Yalçın müəllim ləyaqət nümunəsi göstərir.
Bütün bunları ona görə qələmə aldım ki, sabah – yanvarın 17-də Yalçın müəllimin 70 yaşı tamam olur. Bu yaş, hər kəsdən əvvəl, onun tələbələrinin bayramıdır, uzun illərdən bəri bir yerdə işlədiyi universitet kollektivinin, junalistika fakültəsinin, yaxınlarının, doğmalarının bayramıdır. Yalçın müəllim hər an, hər yerdə, çətin dövrdə, çətin situasiyada ləyaqət deyilən ali insan keyfiyyətini qoruyub saxlayan adamdır. Deməli, bu 70 yaş həm də ləyaqətin, müəllim, alim, peşəkar jurnalist ləyaqətinin bayramıdır.

Cahangir MƏMMƏDLİ

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009