Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən Tədris-teleradio studiyasının əsaslı təmirdən sonra açılış mərasimi olub. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, AR Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türk Әmәkdaşlıq vә Koordinasiya Agentliyinin (TİKA) Başkan yardımcısı Ali Maskan, KİVDF-nin sədri Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, KİV rəhbərlərinin iştirakı ilə keçirilən açılış mərasimində çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, 1928-ci ildən jurnalist kadrları hazırlayan jurnalistika fakültəsinin tarixində daha bir əlamətdar hadisə qeyd edilir. 1981-ci ildə yaradılan Tədris-teleradio studiyası BDU-nun təşəbbüsü və TİKA-nın dəstəyi nəticəsində əsaslı təmirdən sonra müəllim və tələbələrin ixtiyarına verilir. Rektor qeyd edib ki, studiyanın texniki imkanları genişlənib, əməkdaşları TRT kanalında təlim-təcrübə keçiblər. Professor Əli Həsənov böyük ənələrə, şərəfli tarixə malik Jurnalistika fakültəsinin studiyasının BDU-nun təşəbbüsü ilə yenidən qurulmasını yüksək dəyərləndirib və fakültə tələbələrini yaradılan imkanlardan istifadə etməyə çağırıb.